Ehtiram Aşırlı: Ermənistan dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edir
Bakı, 25 sentyabr, AZƏRTAC
Son bir neçə gündür Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında genişmiqyaslı hərbi təlimlər keçirilir. Ermənistan tərəfinin belə bir addımı Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində əldə edilən razılaşmaların məhvinə və danışıqların yubadılmasına gətirib çıxarır.
Bunu AZƏRTAC-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib.
E.Aşırlı bildirib ki, bu, həmçinin İrəvan tərəfinin münaqişənin sülh yolu ilə həllinə dair səsləndirdiyi bəyanatların da əsassız olduğunu bir daha göstərir. Erməni tərəfi əsl niyyətini “sülh” adı altında pərdələməyə, öz işğalçılıq siyasətini davam etdirərək status-kvonu qoruyub saxlamağa və danışıqlar prosesini uzatmağa çalışır. ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Nyu-Yorkda hər iki ölkənin Xarici İşlər nazirlərinin görüşlərinin təşkil edildiyi bir vaxtda Ermənistan tərəfinin Azərbaycan torpaqlarında genişmiqyaslı hərbi təlimlərə başlaması vasitəçilərin Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətlərinə kölgə salır. Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupu bu məsələyə münasibətdə səssizliyini pozmalı və Ermənistan tərəfini qəti şəkildə qınayaraq danışıqlar prosesinə zərbə vurduğunu qınamalıdır.
“Təbii ki, təlimlərin keçirildiyi bir vaxtda Ermənistan dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edir. Ermənistan tərəfi iddia edir ki, silahlı qüvvələri tərəfindən guya Azərbaycana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub. Bu xəbərdən bir neçə gün öncə də Azərbaycan kəşfiyyat-diversiya qrupunun təxribata cəhd etdiyinə dair xəbərlər yayılmışdı. Azərbaycan tərəfinin dərhal hər iki məlumata reaksiya verməsi açıq-aşkar sübut edir ki, bütün bunlar dezinformasiya və əsassız iddialardan başqa bir şey deyil. Fikrimcə, hərbi təlimlər bitənə qədər Ermənistan tərəfi bu tipli dezinformasiya xarakterli xəbərlər yaymaqda davam edəcək” , - deyə E.Aşırlı bildirib.