Ekspert: Azərbaycanın strateji nəqliyyat qovşağı kimi mövqeyi Avrasiya inteqrasiyasını gücləndirir
Bakı, 6 may, AZƏRTAC
Azərbaycanın coğrafi üstünlükləri və ardıcıl şəkildə həyata keçirdiyi infrastruktur siyasəti onu regionun əsas tranzit mərkəzlərindən birinə çevirib.
Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Mehmet Seven bildirib.
Onun sözlərinə görə, Azərbaycanın nəqliyyat və regional bağlantılar sahəsində artan rolu Avrasiya məkanında yeni strateji reallıqlar formalaşdırıb.
“Xəzər və Qara dəniz hövzələrini birləşdirən nəqliyyat layihələri regional əməkdaşlığın dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə TRIPP kimi təşəbbüslər, eləcə də mövcud beynəlxalq dəhlizlərin genişləndirilməsi Avropa və Asiya arasında yük daşımalarının daha təhlükəsiz, sürətli və dayanıqlı şəkildə həyata keçirilməsinə imkan yaradır. Azərbaycanın bu istiqamətdə atdığı addımlar təkcə iqtisadi səmərəliliklə məhdudlaşmır, eyni zamanda, regionda siyasi və logistik sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın həyata keçirdiyi layihələr regional kommunikasiyaların açılması baxımından mühüm rol oynayır. Bu təşəbbüslər Avropa İttifaqı tərəfindən də müsbət qiymətləndirilir və əməkdaşlıq üçün yeni imkanlar formalaşdırır. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın tranzit potensialı region ölkələri üçün alternativ və etibarlı marşrutlar yaradır. Bu isə qlobal ticarət zəncirlərində risklərin azalmasına və daşımaların diversifikasiyasına şərait yaradır”, - deyə Mehmet Seven qeyd edib.
Ekspert vurğulayıb ki, son illərdə Azərbaycanda nəqliyyat infrastrukturunun modernləşdirilməsi, yeni dəmir yolu xətlərinin və logistika mərkəzlərinin yaradılması ölkənin beynəlxalq yük axınlarında rolunu əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər nəqliyyat infrastrukturları regionun əsas logistik qovşaqlarından biri kimi çıxış edir: “Regionda kommunikasiyaların açılması və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar uzunmüddətli perspektivdə iqtisadi inteqrasiyanı daha da gücləndirəcək. Azərbaycan bu prosesdə yalnız tranzit ölkə kimi deyil, həm də əməkdaşlığı təşviq edən, körpü rolunu oynayan strateji aktor kimi çıxış edir. Bu inkişaf tendensiyası Avrasiya məkanında iqtisadi əlaqələrin daha balanslı və davamlı şəkildə formalaşmasına şərait yaradacaq, eyni zamanda, region ölkələri arasında qarşılıqlı etimad və əməkdaşlığı daha da möhkəmləndirəcək”.
Müxbir-Vüqar Qurbanoğlu