Ekspert: Moskva Bəyannaməsi Azərbaycanın multivektorial xarici siyasətinin davamıdır
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən xarici siyasət kursu əksər hallarda praqmatik, balanslı və multivektorial olması ilə xarakterizə olunub. Regionun geosiyasi reallıqları və Azərbaycanın yerləşdiyi coğrafi mövqe ölkəmizin xarici siyasəti üçün müəyyən imkanlar və təhdidlər yaradır və ölkəmiz bütün əsas geosiyasi aktorlarla münasibətlərini tənzimləyərkən bu reallıqları nəzərə alır. Ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində aktiv fəaliyyəti və bu mötəbər quruma sədrliyi də xarici siyasətimizin prioritetlərinin bir daha aydın ifadəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov söyləyib.
Ekspertin sözlərinə görə, bu kontekstdə 2022-ci il 22 fevral tarixli Moskva Bəyannaməsi Azərbaycanın regionda fəal rolu olan bütün əsas aktorlarla münasibətlərini inkişaf etdirmək istəyini növbəti dəfə ortaya qoyur. Bu Bəyannamə bölgəmizdə yaranmış gərgin geosiyasi vəziyyətdə riskləri minimuma endirmək, ölkəmizin milli təhlükəsizliyini və dinamik inkişafını təmin etmək və 44 günlük Vətən müharibəsindən sonra yaranmış regional vəziyyətdən maksimum yararlanmaq imkanı yaradır. Unutmaq olmaz ki, bu prosesə paralel olaraq ölkəmiz həm Türkiyə, həm Avropa İttifaqı, həm NATO, eyni zamanda, İran və Gürcüstan kimi digər regional oyunçularla münasibətlərini dərinləşdirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın və inteqrasiyanın dərinləşdirilməsi də bu siyasətin mühüm bir tərkib hissəsidir. Ölkəmiz hətta keçənilki gərginlikdən sonra İran ilə də münasibətlərin normallaşmasına və Türkmənistan qazının İran vasitəsilə idxalına nail olub. Tərəflər hazırda müxtəlif sahələrdə bu əməkdaşlığın artırılması üçün danışıqlar aparır.
"Moskva Bəyannaməsi ilə Rusiya Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha təsdiq edir və hətta müəyyən mənada zəmanət verir. Bəyannamə milli təhlükəsizliyə ciddi təhdid yaradan vəziyyətlərdə məsləhətləşmələr və qarşılıqlı yardım müddəalarını ortaya qoyur. Bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və ya güclə hədələməmək, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən çəkinmək kimi müddəaları ehtiva edir. Tərəflər öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısını alır. Postmüharibə dövründə Rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə son aylarda separatist qüvvələrin fəallaşması və Ermənistanda revanşist ünsürlərin bəyanatları fonunda Moskvadan bu mövqenin açıq şəkildə rəsmi sənəddə ifadə olunması mühüm əhəmiyyət kəsb edir", - deyə V.Hüseynov qeyd edib.
O əlavə edib ki, ölkəmiz üçün bundan sonrakı mərhələdə 3+3 formatı çərçivəsində regional dövlətlərlə münasibətləri daha da inkişaf etdirmək üçün yeni imkanlar mövcuddur. Azərbaycanın bu konfiqurasiyanın əsas oyunçuları olan Türkiyə və Rusiya ilə müttəfiqlik münasibətləri haqqında bəyannamələr imzalaması nadir haldır və digər iki dövlət ilə yanaşı, ölkəmizə bu format çərçivəsində aparıcı rol oynamaq şansı verir. Sevindirici haldır ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə sülhün və sabitliyin davamlılığı üçün əhəmiyyətli addımlar atılır, bölgə xalqlarının firavanlığı üçün təşəbbüslər irəli sürülür.