CƏMİYYƏT
Ekspert Şurası 73 adda preparatla əlaqədar imtina qərarı verib
Bakı, 16 may, AZƏRTAC
“Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 51-ci iclası keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla bağlı məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb. Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 11 adda aqrokimyəvi maddə, 1 adda pestisid və 1 adda feromon tələ, təkrar qeydiyyata alınan 27 adda aqrokimyəvi maddə və 42 adda pestisid olmaqla, ümumilikdə 82 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 7 adda aqrokimyəvi maddə və 46 adda pestisid olmaqla, ümumilikdə 53 adda preparatın 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.
İşçi qrup tərəfindən verilən rəylərə əsasən, dövlət sınağının aparılması üçün müraciət edilmiş 35 adda (9 adda aqrokimyəvi maddə, 22 adda pestisid və 4 adda feromon tələ), təkrar qeydiyyat üçün 62 adda (12 adda aqrokimyəvi maddə, 50 adda pestisid), ilkin qeydiyyat üçün 29 adda (7 adda aqrokimyəvi maddə, 22 adda pestisid) bitki mühafizə vasitəsi və aqrokimyəvi maddələrə məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyindən onların dövlət sınağına göndərilməsi, ilkin və təkrar qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib. Həmçinin dövlət sınağının aparılması üçün müraciət edilmiş 3 adda preparatın XİFMN kodu Nazirlər Kabinetinin 231 saylı qərarı ilə təsdiq olunmuş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”na daxil olmadığına görə, 6 adda preparatın isə dövlət rüsumu ödənilmədiyinə görə onların dövlət sınağına göndərilməsi məqbul hesab olunmayıb.
Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 73 adda preparatla bağlı imtina qərarı verilib.