Ekspert: Yeni subsidiya mexanizmləri istehsal və emal sənayesi arasında əlaqələri gücləndirəcək
Bakı, 8 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində yeni subsidiya mexanizmlərinin tətbiqi istehsalın və məhsuldarlığın artırılması ilə yanaşı, kənd təsərrüfatı məhsullarının emala yönəldilməsini və əlavə dəyərin yaradılmasını stimullaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatı istehsalı ilə emal sənayesi arasındakı əlaqələrin gücləndirilməsini daha geniş şəkildə nəzərə alır.
"Uzun müddət kənd təsərrüfatı məhsullarının istehsalı ilə emal müəssisələri arasında əlaqələr zəif olub. Kənd təsərrüfatı məhsulları istehsal edilsə də, emal müəssisələrinin kifayət qədər olmaması səbəbindən məhsulların vaxtında emala yönəldilməsi mümkün olmayıb və nəticədə itkilər yaranıb. Yeni Dövlət Proqramının mühüm üstünlüklərindən biri emal sənayesinin kənd təsərrüfatı ilə uzlaşdırılmış şəkildə inkişaf etdirilməsinin nəzərdə tutulmasıdır. İstehsal-emal zəncirinin möhkəmləndirilməsi və əlavə dəyərin yaradılması kənd təsərrüfatının daha səmərəli inkişafına imkan verə bilər", - deyən C.İbrahimlinin sözlərinə görə, 2026-cı ildən subsidiya mexanizmlərində yeni mərhələyə keçid müşahidə olunur. Bu çərçivədə subsidiya tətbiq olunan məhsul və əkin sahələrinin dairəsi ilə bağlı dəyişikliklər edilib, bir sıra subsidiyaların məbləği artırılıb və yeni subsidiya növləri tətbiq olunmağa başlanıb.
Ekspert xırdabuynuzlu heyvandarlıq sahəsində örüş-otlaq ərazilərinin yaxşılaşdırılması ilə bağlı dəstəyin nəzərdə tutulmasını müsbət qiymətləndirib. “Örüş-otlaq sahələri və ot örtüyünün vəziyyəti xırdabuynuzlu heyvandarlığın əsas problemlərindən biridir. Burada əsas məsələ fermerlərin örüş-otlaq ərazilərinin yaxşılaşdırılması ilə bağlı tədbirləri müstəqil şəkildə həyata keçirə bilməsidir. Çünki həmin ərazilər əsasən dövlətin nəzarətindədir və vətəndaşlara uzunmüddətli icarəyə verilib. Örüş-otlaq ərazilərinin yaxşılaşdırılması məsələsinə vahid kompleks yanaşma tətbiq etmək, bu istiqamətdə işləri mərhələli şəkildə və ayrı-ayrı bölgələr üzrə həyata keçirmək daha səmərəli ola bilər”, - deyə o əlavə edib.
Cəfər İbrahimli iribuynuzlu heyvandarlıqla bağlı tətbiq ediləcək yeni dəstək mexanizmlərinə də diqqət çəkib. Bildirib ki, illərdir damazlıq heyvanların idxalına dövlət tərəfindən güzəştlər tətbiq olunur, fermer həmin heyvanı güzəştli qiymətlə əldə edir, onun dəyərinin müəyyən hissəsi dövlət tərəfindən qarşılanır, həmçinin sığorta xərclərinin bir hissəsi də dövlət hesabına ödənilir.
Həmçinin yeni mexanizmlər çərçivəsində intensiv təsərrüfatlarda süd istehsalının və ölkədə süd məhsullarının emalının artırılması məqsədilə ilk dəfə süd istehsalına subsidiya verilməsi nəzərdə tutulur.
“Yeni subsidiya mexanizmlərinin əsas məqsədlərindən biri dövlət dəstəyinin daha səmərəli və hədəfli şəkildə tətbiq edilməsidir. Bu yanaşma kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, emal imkanlarının genişləndirilməsi və ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə xidmət edəcək. Qarşıdakı bir-iki il ərzində yeni subsidiya siyasətinin kənd təsərrüfatının istehsal göstəricilərinə, emal sənayesinə və ərzaq təminatına real təsirini daha aydın görmək mümkün olacaq”, - deyə Cəfər İbrahimli bildirib.