Eksternat imtahanları başa çatıb
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, imtahanda əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak ediblər.
Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 116 nəfər qatılıb. Eksternlər hərəsində 10 sual olmaqla 2 gün ərzində 12 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat, xarici dil, coğrafiya, informatika, həyat bilgisi, Azərbaycan tarixi, ümumi tarix, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.
Məqbul qiymət almış şəxslərin siyahısı baku.edu.gov.az saytında yerləşdiriləcək.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.