Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik şəkildə inkişaf etməkdədir
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan-İtaliya əlaqələri tarixi köklərə, qarşılıqlı etimada əsaslanan münasibətlərə, ortaq maraqlara, strateji tərəfdaşlığa və dostluğa söykənir. Bu il mayın 8-də iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü olsa da, İtaliya Azərbaycan Xalq Cümhuriyyəti dövründə paytaxt Bakıda diplomatik nümayəndəlik açan azsaylı ölkələrdən biridir. Bu faktın özü hər iki ölkənin bir-biri üçün daim maraq kəsb etdiyinin göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Siyasi ekspert diqqətə çatdırıb ki, dövlət müstəqilliyinin bərpasından sonra, xüsusilə də ümummilli lider Heydər Əliyevin 1997-ci il sentyabrın 25-də bu ölkəyə rəsmi səfərindən etibarən Azərbaycan-İtaliya münasibətlərində yeni mərhələ başlayıb. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən Azərbaycan-İtaliya əlaqələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb və iki dövlət arasındakı münasibətlər iqtisadi-siyasi müstəvidə strateji müttəfiqlik müstəvisinə yüksəlib.
“Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik şəkildə inkişaf etməkdədir. Prezident İlham Əliyevin 2020-ci ilin fevralında bu ölkəyə rəsmi dövlət səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı əldə olunan razılaşmalar özünü iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərində göstərməkdədir. Təsadüfi deyil ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərində Italiya şirkətləri yaxından iştirak edirlər.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun ölkəmizə səfəri zamanı qarşılıqlı münasibətlərin perspektivi ilə bağlı səsləndirilən fikirlər də hər iki dövlətin qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verdiyini nümayiş etdirir. Prezident İlham Əliyev Luici Di Maionun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən, Azərbaycan-İtaliya əməkdaşlığının mövcud durumunu ifadə edən bir sıra məqamlara diqqət çəkdi.
Dövlətimizin başçısı qeyd etdi ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və bu ölkənin Cənubi Qafqazda apardığı ticarətin 95 faizi Azərbaycanın payına düşür. Bu, çox önəmli bir göstəricidir”, - deyə siyasi ekspert əlavə edib.
İtaliya şirkətlərinin azad olunmuş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirak etdiklərini diqqətə çatdıran E.Mirzəbəyli bildirib ki, hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətlərinə həvalə olunub.
“İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin ölkəmizə səfəri çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi də keçirilib və bu layihədə İtaliyanın 5 nüfuzlu universiteti tərəfdaş kimi çıxış edir. Bütün bunlar Azərbaycan-İtaliya münasibətlərinin təkcə enerji, ticarət və enerji sektorlarını deyil, bütün sahələri əhatə etməsinin bariz nümunələridir”, - deyə E.Mirzəbəyli bildirib.