Elçin Mirzəbəyli: “Media haqqında” qanun layihəsi bu sahədə həyata keçirilən islahatları sürətləndirəcək
Bakı, 14 dekabr, AZƏRTAC
1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri” haqqında qanun 15-20 il bundan əvvəl dövrün tələblərinə cavab versə də, nə hüquqi-normativ akt, nə də ona edilən əlavə və dəyişikliklər müasir dövrün tələblərinə cavab vermirdi. Bu baxımdan, müasir media anlayışına və yeni çağırışlara cavab verən bir qanunun hazırlanması real zərurətə çevrilib.
Medianın İnkişafı Agentliyinin yaradılmasından və fəaliyyətə başlamasından dərhal sonra, ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi “Media haqqında” qanun layihəsinin gündəmə gəlməsi, layihə ətrafında peşəkar media mənsublarının iştirakı ilə çoxsaylı müzakirələrin aparılması və nəhayət, sənədin Milli Məclisin müzakirəsinə təqdim olunması, məhz bu zərurətdən doğurdu. Əks təqdirdə, islahatların tam və kompleks şəkildə həyata keçirilməsi mümkün olmayacaqdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
O qeyd edib ki, “Media haqqında” qanun layihəsi, qəbul olunacağı təqdirdə, media sahəsində bütün istiqamətlər üzrə islahatların həyata keçirilməsi üçün zəruri hüquqi platforma rolunu oynayacaq və prosesin sürətlə həyata keçirilməsinə, boşluqların aradan qaldırılmasına zəmin yaradacaq: “Media haqqında” qanun layihəsinin qəbul edilməsi ilə bu sahədə mövcud olan bütün problemlərin qısa müddətdə həll olunacağını düşünmək sadəlövhlük olardı. Təəssüf ki, belə gözləntilər də var və bu, çox yanlış bir yanaşmadır. Çünki sözügedən qanunun və bütövlükdə qanunların təməl fəlsəfəsində hansısa problemlərin həlli dayanmır. Qanun konsepsiya, yol xəritəsi deyil, hüquqi çərçivədir. Bu hüquqi çərçivə mühafizəkar xarakterli, əhatə etdiyi sahəni yeniliklərə, inkişafa qapayan hüquqi məcmuə də ola bilərdi. Amma “Media haqqında” qanun layihəsi əhatə etdiyi sahəni yeniliklərə açan, kreativ düşüncənin, yaradıcı potensialın stimullaşdırılmasına xidmət edən bir sənəddir”.
E.Mirzəbəylinin sözlərinə görə, qanunun qəbulu, ilk növbədə, media subyektlərinin və jurnalistlərin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsinə imkan yaradacaq. Sənəd həm də bu sahədə xaosa və özbaşınalığa cəhdlərin aradan qaldırılmasına imkan yaradacaq, media subyektlərinin ayrı-ayrı şəxslərin, yaxud qrupların cinayət əməllərinin həyata keçirilməsi üçün vasitəyə çevrilməsinin qarşısını alacaq. Media savadlılığı ilə bağlı qanun layihəsində yer alan müddəaların həyata keçirilməsi, ilk növbədə, peşəkar media ilə bağlı aydın təsəvvürləri, vətəndaşla media subyektləri və jurnalistlər arasında etimadlı münasibətlərin yaranmasına yardım göstərəcək.
“Media haqqında” qanun layihəsi hazırda ölkəmizdə qüvvədə olan bütün hüquqi-normativ aktlar kimi, heç bir halda söz, fikir və mətbuat azadlığı kimi əsas hüquqların məhdudlaşdırılmasına xidmət edə bilməz. Bu hüquqlar Azərbaycanın ana qanununun - Konstitusiyasının verdiyi hüquqlardır və məhdudlaşdırılması mümkün deyil. “Media haqqında” qanun layihəsinin üstün cəhətlərindən biri Konstitusiyamızda yer alan əsas azadlıqların daha imperativ və aydın bir şəkildə ifadə olunması, həmçinin qanun layihəsində bu azadlıqların qorunması ilə bağlı daha təkmil mexanizmlərin yer almasıdır.
“Qanunda yer alan ən önəmli məqamlardan biri də Media Reyestrinin yaradılması və media subyektlərinin, jurnalistlərin bu reyestrə daxil edilmələri, bununla da peşəkar media ilə media subyektinin adından, jurnalist vəsiqəsindən öz cinayət əməllərini həyata keçirmək üçün istifadə etmək niyyəti güdən şəxslər arasındakı sərhədlər dəqiq şəkildə müəyyənləşəcək. Bu isə öz növbəsində sui-istifadə hallarının qarşısının alınması ilə yanaşı, mediaya etimadsız münasibətin formalaşmasına xidmət edən neqativ amillərin qarşısının alınmasında müstəsna rol oynayacaq”, - deyə siyasi ekspert vurğulayıb.
Onun sözlərinə görə, Media Reyestrinə düşmək üçün tələblərə cavab verənlər, qanunvericilik qaydasında onlara verilən imtiyazlardan istifadə edəcəklər. Bu, çox önəmli məqamdır. İmtiyazların ayrı-ayrı qurumlar və səlahiyyətli orqanlar vasitəsilə verilməsi asılılıq yaradır, fərdlərin subyektiv yanaşmalarından asılı olaraq həyata keçirilir. Amma qanunvericilik çərçivəsində verilən imtiyazlar asılılığa səbəb olmur. Əksinə, jurnalistin öz fəaliyyətini daha sərbəst bir şəkildə həyata keçirməsinə zəmin yaradır.
Qanun layihəsinin hər kəs üçün əlçatan olduğunu diqqətə çatdıran Elçin Mirzəbəyli bildirib: “Mahiyyət etibarilə, qanun layihəsində yer alan bütün imtiyaz və güzəştlərin əsas qayəsi media subyektlərinin və jurnalistlərin maddi azadlıqlarının təmin edilməsinə yardım göstərməkdən, media subyektlərinin gələcəkdə öz ayaqları üzərində dayanmasına zəmin yaratmaqdan ibarətdir.
Qanunun qəbulu, düşünürəm ki, bu sahədə olan bir çox boşluqların aradan qaldırılmasına müsbət təsir göstərəcək. Ən əsası isə, media sektorunda həyata keçirilən islahatları sürətləndirəcək”.