SİYASƏT
Eldar Əzizov: BRICS-də iştirakla bağlı müraciət Azərbaycan üçün çox mühüm idi
Moskva, 20 sentyabr, AZƏRTAC
“Azərbaycan BRICS-də iştirak etmək üçün rəsmi müraciət edib. Belə ki, planetdə iqlim dəyişiklikləri baş verir və bununla əlaqədar əməkdaşlıq prioritet məsələyə çevrilir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Moskvada təşkil olunan “Bulud şəhərləri. BRICS şəhərlərinin gələcəyi haqqında Forum” çərçivəsində “Gələcəyin xəritəsi. Lider şəhərlərin texnoloji inkişaf həlləri və strategiyaları” mövzusunda keçirilən plenar sessiya zamanı bildirib.
Tədbiri açan Moskva meri Sergey Sobyanin Forum iştirakçılarını salamlayıb, şəhərlərin rəqəmsal inkişafının əhəmiyyətini qeyd edib.
E.Əzizov çıxışında tədbirin təşkilinə və dəvətə görə Moskva administrasiyasına təşəkkür edib.
O qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Bakıda keçiriləcək, bəzi sənaye obyektləri şəhərdən kənara köçürülüb.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanın paytaxtı Bakı da bütün bölgələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Turistlər də bunun şahidi olurlar. İlin əvvəlindən ölkəyə turist axını 40 faiz artıb və COP29-un məhz Bakıda keçirilməsi təsadüfi deyil.
İcra hakimiyyətinin başçısı vurğulayıb ki, Bakı sürətlə inkişaf edir və onun inkişafı üçün bir çox plan var. “Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təkcə son 5 il ərzində 400-ə yaxın park və həyətarası parklar salınıb və ya sıfırdan bərpa olunub. Eyni zamanda, hər şeydən əvvəl şəhərin spesifikasını nəzərdə tutan və bir çox mərkəzin yaradıldığı yeni Baş plan qəbul edilib. Gələcəyə doğru sürətlə irəliləyirik”, -deyə o əlavə edib.
BRICS-in “Bulud şəhərləri” Forumu sentyabrın 18-19-da Moskvanın Zaryadye parkında keçirilib. Tədbirdə BRICS-ə daxil olan 30-dan çox Yaxın Şərq, Asiya, Latın Amerikası, Afrika və MDB ölkəsi iştirak edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva