“Elektron vəkil orderi” platformasının istifadə imkanları müzakirə olunub
Bakı, 19 avqust, AZƏRTAC
Avqustun 19-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, sədr Anar Bağırov iclasda çıxış edərək Kollegiyanın fəaliyyəti, habelə avqustun 3-7-dək respublika üzrə bütün vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə Qurban bayramı münasibətilə pulsuz hüquqi yardım göstərilməsi aksiyası və onun nəticələri barədə məlumat verib. O, vəkil ictimaiyyəti tərəfindən bu ənənənin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Sonra Anar Bağırov “ProBono” vəkil bürosunun üzvü Hikmət Hüseynzadə tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə hədiyyə edilən biodezinfeksiya qurğusunun Rəyasət Heyətinin inzibati binasının girişində insanların istifadəsinə verilməsi barədə məlumat verib. Sədr təəssübkeşliyi və fədakarlığına görə kollektiv adından vəkilə dərin təşəkkürünü bildirib, Hikmət Hüseynzadənin təşəbbüsünün yüksək qiymətə layiq olduğunu deyib.
İclasda, həmçinin yaxın gələcəkdə “Elektron vəkil orderi” platformasının istifadəyə verilməsi perspektivi barədə müzakirə aparılıb və bu istiqamətdə işlərin başlanılması üzrə aidiyyəti tapşırıq verilib.
Eyni zamanda, iclasda bir sıra vəkillərin qurumlar üzrə yerdəyişməsi, bəzi vəkillər barəsində intizam icraatının başlanılması, habelə sağlamlıq vəziyyətinə görə üzvlük haqqından azad olunması məsələləri üzrə qərarlar qəbul edilib.
Daha sonra intizam icraatı çərçivəsində Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, müvafiq qərarlar qəbul olunub.