Əlilliyi olan şəxslərin hüquqlarının dövlət monitorinqi ilə əlaqədar onlayn görüş keçirilib
Bakı, 21 avqust, AZƏRTAC
Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və DOST Agentliyinin əməkdaşlarından ibarət Monitorinq Komissiyası ictimaiyyət nümayəndələri ilə onlayn görüş keçirib.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülən işlər, o cümlədən müvafiq sahədə dövlət monitorinqinin təşkilinin məqsəd və vəzifələri, 2020-ci il üzrə tədbirlər planı və onun icra vəziyyəti barədə məlumat verilib, monitorinqin aparılması üçün təklif olunan metodologiya və pandemiya dövründə monitorinq üsulları rəy və təkliflərin öyrənilməsi üçün ictimai müzakirəyə çıxarılıb.
DOST Agentliyinin İdarə Heyətinin sədri, Monitorinq Komissiyasının sədri Fərid Məmmədovun sağlamlıq imkanları məhdud olan uşaqların və əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsinin Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək bu sahədə institusional, qanunvericilik və infrastruktur sahəsində kifayət qədər ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev Monitorinq Komissiyasının rəy və təkliflərinin də hökumətə təqdim olunacağını, bununla əlaqədar müvafiq qərarlar qəbul ediləcəyini bildirib. Onun dediyinə görə, komissiyanın fəaliyyətinin ilkin mərhələsində bir sıra ekspertlərlə də görüşlər keçirilib.
Görüşdə ictimai fəallar və QHT nümayəndələri əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə əlaqədar rəy və təkliflərini ifadə ediblər.