Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlər müzakirə edilib
Bakı, 4 avqust, AZƏRTAC
Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının onlayn formatda görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Görüşdə komissiyanın sədri, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov çıxış edərək qarşıda duran məsələlər barədə danışıb.
DOST Agentliyinin Strateji planlaşdırma, məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov dövlət monitorinqi çərçivəsində görülən işlərdən bəhs edib, həmçinin 2025-ci ilin monitorinq məqsədləri, keçiriləcək tədbirlər zamanı qurumların iştirakçılığının və səlahiyyətlərinin müəyyən edilməsi və s. barədə məlumat verib.
Görüşdə cari məsələlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Müzakirə zamanı üzvlərin rəy və təklifləri nəzərə alınıb, komissiyanın sədri tərəfindən müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Qərara əsasən, monitorinqin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Müvafiq olaraq nazirliyin strukturuna daxil olan qurumların əməkdaşlarından ibarət Monitorinq Komissiyası yaradılıb.