“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində Türkiyə-Azərbaycan Universitetində görüş keçirilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının, həmçinin Türkiyə-Azərbaycan Universiteti (TAU) və Azərbaycan Texniki Universitetinin rəhbər heyətinin, professor-müəllim və inzibati heyətinin iştirakı ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi Türkiyə-Azərbaycan Universitetinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıya çıxan çətinliklərin həlli və ali təhsildə prioritet sahələrin müzakirəsi olub.
Görüş zamanı ali təhsildə idarəetmənin səmərəliliyinin artırılması, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması, akademik və inzibati proseslərin çevikliyinin təmin olunması, ikili diplom proqramlarının təşkili, eləcə də qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.
Türkiyə-Azərbaycan Universitetinin prorektoru Mehmet Şimşir bu müzakirələrin ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb.