Elmi-praktik konfransda Qanlı Yanvar hadisələrindən danışılmışdır
Zaqatala, 21 yanvar (AZƏRTAC). Zaqatala rayonunda 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, şəhidlərin əziz xatirəsini daim uca tutan zaqatalalılar Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş igid soydaşlarının xatirəsinə Zaqatalada ucaldılmış abidə-kompleksin önünə gələrək şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildirmiş, abidənin önünə qırmızı qərənfillər düzmüşlər.
Faciənin ildönümü ilə əlaqədar rayon mədəniyyət evində keçirilən elmi-praktik konfransın iştirakçıları əvvəlcə foyedə təşkil edilmiş “Qan yaddaşı” mövzusunda rəsm sərgisinə baxmışlar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Konfransda dinlənilən məruzə və çıxışlarda Qanlı Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri konkret faktlarla bir daha xatırlanmışdır. Vurğulanmışdır ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə faciə deyildir. Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq salnaməsidir. Bildirilmişdir ki, 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar.
Qeyd olunmuşdur ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışan respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində heç bir iş aparmamışlar. Yalnız ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilmiş, faciənin günahkarlarının adları ictimaiyyətə bəyan edilmişdir.
Konfransın sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.