Elnarə Ənsari: Azərbaycan tam elektron və təmassız əlillik qiymətləndirmə sistemi yaradıb
Bakı, 19 may, AZƏRTAC
Əlilliyi olan şəxslərin sosial müdafiəsi və hüquqları Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycan tam elektron və təmassız əlillik qiymətləndirmə sistemi yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda keçirilən beynəlxalq təlimdə çıxış edərkən deyib.
O bildirib ki, rəqəmsal əlillik alt sistemi vasitəsilə tibbi məlumatlar elektron şəkildə emal olunur və qərarlar şəffaf, effektiv şəkildə qəbul edilir: “Azərbaycan regionda bu cür sistemi tətbiq edən ilk ölkələrdən biridir. Digər vacib məqam odur ki, sosial müavinətlər vətəndaşlardan heç bir müraciət və sənəd tələb olunmadan proaktiv şəkildə təyin edilir. Proaktiv sosial xidmət modeli artıq beynəlxalq səviyyədə tanınıb və digər ölkələr tərəfindən öyrənilir. İkincisi, biz inklüziv və əlçatan şəhərlər konsepsiyasını inkişaf etdiririk. Əlçatanlıq yalnız fiziki infrastrukturla məhdudlaşmır. Bu, həyatın bütün sahələrində bərabər iştirak deməkdir”.