ADNSU WUF13-də gələcəyin texnologiyalarını təqdim edir
Bakı, 19 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) innovasiya, texnologiya və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi təşəbbüslərlə təmsil olunur. Forum çərçivəsində öz stendi ilə iştirak edən ADNSU innovasiya potensialını, tələbə təşəbbüslərini və texnoloji həllərini beynəlxalq auditoriyaya təqdim edir.
Bu barədə AZƏRTAC-a ADNSU-dan bildirilib. Stenddə ziyarətçilərə məlumat verilməsi məqsədilə ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli, şöbənin baş mütəxəssisi Günel Tağıyeva və tələbə-startapçı İsmayıl Hacıyev iştirak ediblər. Stenddə universitetin təhsil imkanları, beynəlxalq əməkdaşlıqları, innovasiya ekosistemi, tələbə layihələri və startap təşəbbüsləri barədə ətraflı məlumat təqdim olunur.
Forum çərçivəsində ADNSU tələbələrinin hazırladığı innovativ startap layihələri də sərgilənir. Təqdim olunan layihələr dayanıqlı texnologiyalar, təhlükəsizlik və ağıllı həllər istiqamətində gənclərin innovativ yanaşmalarını nümayiş etdirir.
Sərgidə nümayiş olunan layihələrdən biri ADNSU-nun Biznes Administrasiyası proqramının 2-ci kurs tələbəsi İsmayıl Hacıyevin təsis etdiyi “AIRT” (Azerbaijan Intelligent Robotics Technologies) startapıdır. Hazırda prototip mərhələsində olan layihə neft və qaz sənayesində avtonom inspeksiya proseslərinin həyata keçirilməsi üçün robot texnologiyalarının tətbiqini nəzərdə tutur. Startapın əsas məqsədi təhlükəli istehsalat sahələrində insan faktorunun minimuma endirilməsi, risklərin azaldılması və əməliyyat təhlükəsizliyinin artırılmasıdır. Layihə çətin və riskli mühitlərdə insanların yerinə robotların fəaliyyət göstərməsini təmin etməyə yönəlib.
Qeyd edək ki, “AIRT” startapı ADNSU və IDEA İctimai Birliyinin birgə həyata keçirdiyi “IDEALIZE” inkubasiya proqramının qaliblərindən biri olub. Layihə innovativ texnologiyaların sənayedə tətbiqi və gələcəkdə real istehsalat mühitinə inteqrasiya potensialı ilə diqqət çəkir.
Forumda təqdim olunan digər layihə isə ADNSU-nun İnformasiya təhlükəsizliyi fakültəsinin I kurs tələbəsi Arzu Balakişiyevanın müəllifi olduğu “Green Ozone” layihəsidir. Layihə smart ozonator cihazı vasitəsilə suyun təmizlənməsini təmin edən innovativ və ekolojiyönümlü texnologiya təqdim edir.
Layihənin işləmə prinsipi günəş enerjisindən istifadə əsasında qurulub. Günəş paneli vasitəsilə əldə olunan enerji batareyada toplanır, invertor vasitəsilə sabit cərəyandan dəyişən cərəyana çevrilir və mikrokontrollerin köməyi ilə ozonatorun müəyyən edilmiş zaman intervalında avtomatik fəaliyyəti təmin olunur. Geri sayım düyməsinə basıldıqdan sonra cihaz avtomatik şəkildə işə düşür, rele modulu isə dövrəni ayıraraq ozonatorun istifadəçi müdaxiləsi olmadan fəaliyyətini dayandırır. Layihə həm enerji səmərəliliyi, həm də ekoloji dayanıqlılıq baxımından diqqət çəkən həll modeli kimi təqdim olunur.
Forum çərçivəsində ADNSU-nun bir sıra əməkdaşları və universitetdə təhsil alan əcnəbi tələbələr də sərgi ilə tanış olublar. Eyni zamanda, universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr beynəlxalq tədbirdə könüllü qismində iştirak edərək təşkilati proseslərə dəstək göstərirlər.
Qeyd edək ki, mayın 22-dək davam edəcək forum çərçivəsində müxtəlif görüşlər, assambleya sessiyaları, sərgilər və urbanizasiya, dayanıqlı inkişaf, iqlim çağırışları və gələcəyin şəhərləri ilə bağlı müzakirələr keçirilir.