İordaniya Senatının üzvü: Şəhərlər istisnasız hər kəs üçün uyğun olmalıdır
Bakı, 19 may, AZƏRTAC
Cəmiyyətlərimizin müxtəlif sahələrindən olan bu qədər fərqli təcrübə və fikirlərin bir araya gəlməsi sübut edir ki, inklüzivlik artıq bir seçim deyil, təxirəsalınmaz humanitar və inkişaf zərurətidir.
AZƏRTAC xəbər verir ki, bunu İordaniya Senatının üzvü, "Mən insanam” Fiziki Məhdudiyyətli Şəxslərin Birliyinin sədri Asya Abdel Yaqi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13- cü Sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda keçirilən beynəlxalq təlimdə çıxış edərkən deyib.
O, çıxışında qeyd edib ki, bu gün inklüziv şəhərlər və müstəqil həyat haqqında danışarkən söhbət yalnız mühəndislik və ya xidmətlərdən getmir: “Biz daha böyük bir sualı ortalığa qoyuruq: şəhər üzərindəki tam hüquq, əslində, kimə məxsusdur? Mən bu sualı ciddi şəkildə verirəm: şəhər yalnız güclü – rahatlıqla yeriyə, eşidə, görə və maneəsiz ünsiyyət qura bilən insanlar üçün layihələndirilib? Yoxsa, istisnasız olaraq hər kəsi qəbul etmək üçün yaradılıb? Sürətli və köklü dəyişikliklər yaşayan müasir dünyamızda bu sual artıq sadəcə nəzəri bir məsələ deyil”.