Asiman İlyasov: WUF13 BDU-nun tələbə və gənc tədqiqatçıları üçün böyük imkanlar yaradır
Bakı, 19 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycan üçün olduğu kimi, Bakı Dövlət Universitetinin (BDU) tələbə və gənc tədqiqatçıları üçün də mühüm beynəlxalq platformadır və onlara böyük imkanlar yaradır. Bu forum urbanizasiya, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və şəhər idarəçiliyi kimi qlobal məsələlərin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq tədbirlərdən biridir. Belə bir platformanın Bakıda təşkili tələbələrimizin və gənc alimlərimizin beynəlxalq akademik və peşəkar mühitə birbaşa inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov deyib. O bildirib ki, forum çərçivəsində tələbələr və gənc tədqiqatçılar müxtəlif ölkələrdən olan alimlər, ekspertlər, şəhər planlaşdırıcıları, beynəlxalq təşkilatların nümayəndələri və innovasiya liderləri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edirlər: “Bu isə onların həm qlobal yanaşmaları yaxından izləməsinə, həm də gələcək akademik və peşəkar əməkdaşlıqlar üçün yeni əlaqələr formalaşdırmasına şərait yaradır. Eyni zamanda, belə tədbirlər gənclərin beynəlxalq layihələrdə iştirak imkanlarını artırır, onların elmi araşdırmalarının beynəlxalq səviyyədə tanınmasına dəstək verir. WUF13 tələbələr üçün yalnız müşahidə platforması deyil, həm də praktik öyrənmə mühiti rolunu oynayır. Forum çərçivəsində keçirilən panel müzakirələri, seminarlar, innovasiya sessiyaları və sərgilər gənclərin müasir şəhər problemlərinə dair yeni yanaşmalar və həll modelləri ilə tanış olmasına imkan verir. Xüsusilə “ağıllı şəhər”, “yaşıl enerji”, “rəqəmsal urbanizasiya” və “dayanıqlı şəhər idarəçiliyi” istiqamətlərində təqdim olunan beynəlxalq təcrübələr BDU-da aparılan tədris və tədqiqat fəaliyyətləri üçün də əlavə imkanlar yaradır”.

Asiman İlyasov qeyd edib ki, BDU da forum çərçivəsində öz elmi və akademik potensialını təqdim etməyə xüsusi önəm verir: “Universitet tərəfindən dayanıqlı inkişaf, yaşıl transformasiya, urbanizasiya problemləri, ekoloji təhlükəsizlik və rəqəmsal həllərlə bağlı müxtəlif elmi təşəbbüslərin və tədqiqat istiqamətlərinin təqdim olunması nəzərdə tutulur. Eyni zamanda, BDU alimləri və gənc tədqiqatçıları forumun elmi müzakirələrində aktiv iştirak etməklə universitetin beynəlxalq akademik nüfuzunun artırılmasına töhfə verirlər. Forum BDU üçün həm də yeni beynəlxalq tərəfdaşlıqların qurulması baxımından mühüm imkan hesab olunur. Universitet beynəlxalq universitetlər, tədqiqat mərkəzləri və təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin hazırlanması və tələbə-müəllim mübadilə imkanlarının artırılması istiqamətində bu platformadan səmərəli istifadə etməyi hədəfləyir.
Ümumilikdə WUF13-ün Bakıda keçirilməsi BDU tələbə və gəncləri üçün qlobal bilik və təcrübəyə çıxış, beynəlxalq şəbəkələşmə, innovativ düşüncə və gələcək əməkdaşlıqlar baxımından mühüm fürsət yaradır və universitetin beynəlxalq elmi mühitə inteqrasiyasını daha da gücləndirir”.