Joşua Forte: Gənclərin proseslərə tam cəlbi inkişaf etmiş gələcək üçün vacibdir
Bakı, 19 may, AZƏRTAC
WUF13 çərçivəsində əsas məsələlərdən biri rifah üçün planlaşdırma apararkən gənclərin bu prosesə necə inteqrasiya olunmasıdır. Çünki şəhərlərimizin gələcəkdə necə inkişaf edəcəyi və çiçəklənəcəyi məhz bu planlamadan asılıdır və gənclər bu prosesdə əsas, mərkəzi rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində uşaq və gənclər qrupunun təşkil etdiyi tədbirdə səsləndirilib.
BMT-nin Məskunlaşma Proqramının Gənclər Məşvərət Şurasının nümayəndəsi Joşua Fortenin moderatorluğu ilə keçirilən tədbirdə qeyd edilib ki, gənclər təkcə müzakirələrin bütün mərhələlərində deyil, eyni zamanda qərarqəbuletmə prosesinin hər mərhələsində fəal şəkildə iştirak etməlidirlər.
Sessiyanın məqsədi barədə məlumat verən moderator deyib: “Gənclərin bir araya gələrək məqsədlərini, maraq dairələrini, şəhərlərdə görmək istədikləri dəyişiklikləri müzakirə etməsi, problemləri və mümkün həll yollarını müəyyənləşdirməsi əsas məsələdir. Uşaq və Gənclər Assambleyalarında da məsələ yalnız gəncləri müzakirələrə cəlb etmək deyil, onları bu müzakirələrin mərkəzində yerləşdirməkdir. Çətinlik və problemlərlə birbaşa üzləşən gənclər gündəlik reallıqları ən yaxşı anlayan tərəfdirlər. Bununla yanaşı, onlar artıq bu problemlərin həlli istiqamətində konkret təşəbbüslər və innovativ yanaşmalar da formalaşdırırlar. Yəni gənclər yalnız dəyişiklik tələb edən tərəf deyil, eyni zamanda dəyişiklik yaradan əsas qüvvədir. Ədalətli, inkişaf etmiş və rifahlı gələcəyin qurulması üçün gənclərin proseslərə başlanğıcdan sonadək tam şəkildə cəlb olunması vacibdir. Bu, həm gənclərin fərdi inkişafı və uğuru, həm də cəmiyyətlərin dayanıqlı tərəqqisi üçün əsas şərtlərdən biridir”.
Tədbir sual-cavab formatında davam edib.