Elnur Şıxəliyev: Təşkil etdiyimiz yarışlarda iştirak edən bodibilderlər arasında dopinq maddəsi aşkarlanmayıb
Quba, 23 fevral, AZƏRTAC
"Bakıda başlayan konfrans öz işini Qubada davam etdirir. Biz də burada öz dəstəyimizi nümayiş etdiririk".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın beynəlxalq səviyyəli bodibilderi, Beynəlxalq Bodibildinq Fitnes Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Şıxəliyev Qubada keçirilən “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimindən sonra deyib.
Onun sözlərinə görə, bölgələrdə bu cür konfransların keçirilməsi müsbət məqamdır: "Bütün idman sahəsindən olan insanları bu tədbirdə görmək sevindirici haldır. Biz də çalışırıq ki, idmançıları zərərli qidalardan uzaq saxlayaq".
Elnur Şıxəliyev Azərbaycan bodibilderinin hazırkı vəziyyətindən də söz açıb: "Bildiyiniz kimi, 2019-cu ildən Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının rəhbəriyəm. Biz də bu idman növü ilə məşğul olan şəxslərə istifadəsi qadağan olunmuş dərman vasitələrindən uzaq durmağı izah edirik. Artıq bununla bağlı öz seminarlarımız da olub. Təşkil etdiyimiz yarışlarda iştirak edən bodibilderlər arasında dopinq maddəsi aşkarlanmayıb və hər şey ədalət prinsipinə uyğun gedib. Komandamız beynəlxalq yarışlarda 30-dan artıq qızıl medal qazanıb. İlin sonunda ABŞ-da keçiriləcək Olimpiya yarışında da uğur qazanmaq istəyirik".
Qeyd edək ki, Avropanın aparıcı milli antidopinq agentliklərinin rəhbər şəxslərinin və əməkdaşlarının iştirak etdiyi konfrans Azərbaycan Milli Antidopinq Agentliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.