“ƏMƏK PENSİYALARI HAQQINDA” QANUN LAYİHƏSİ MİLLİ MƏCLİSİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
Komissiyanın sədri Hadi Rəcəbli demişdir ki, son illər Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ilə əlaqədar bir sıra sahələrdə, eləcə də pensiya və müavinətlərin verilməsi sahəsində islahatların aparılması zərurəti yaranmışdır. Bu islahatların qanunvericilik bazasını yaratmaq məqsədi ilə yeni qanun layihələri hazırlanmışdır.
Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov birinci məsələ ilə bağlı məlumat verərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyasının təsdiq edilməsi haqqında Sərəncamına əsasən, ölkədə pensiya islahatları 4 il ərzində başa çatdırılmalı və 2006-cı il yanvar ayının 1-dən yeni pensiya sistemi fəaliyyətə başlamalıdır. Həmin sistemdə pensiyaların məbləğinin sığortanın davamiyyətindən və sığorta haqqının miqdarından asılı olması, pensiyanın miqdarı və vətəndaşın pensiya hüququnun müəyyən edildiyi vaxt sığorta haqqının ödənilməsi ilə bağlı olmayan dövrlərin nəzərə alınmaması, dövlət sosial sığorta sistemində vaxtından tez pensiyaya çıxdıqda güzəştlərin son dərəcə məhdudlaşdırılması əsas prinsipial tələb kimi göstərilir. Yeni sistemin tətbiqi ilə əlaqədar sosial sığorta sistemi də təkmilləşəcəkdir.
Yeni qanunda bu və digər prinsipial məsələlər öz həllini tapacaqdır. Ümumiyyətlə, bu qanunda Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təyinatı sistemi müəyyən edilir.
“Sosial müavinətlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı qeyd edilmişdir ki, bu qanun sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyənləşdirəcək, bu sahədə yaranan digər münasibətləri tənzimləyəcəkdir.
Sonra layihələr ətrafında geniş fikir mübadiləsi aparılmış, ortaya çıxan suallara aydınlıq gətirilmişdir.
Sonda qanun layihələrinin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.