Əmək və məşğulluq sahəsində kağız üzərində aparılan əməliyyatların böyük əksəriyyəti elektronlaşacaq
Bakı, 11 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın vaxtlarda Əmək münasibətləri və məşğulluq altsisteminin (ƏMAS) tətbiqi nəzərdə tutulur.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ƏMAS bütün işəgötürənlər və işçilər, habelə dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunu oynayacaq.
Yeni sistem əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçotu sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsinə xidmət edəcək. ƏMAS-ın tətbiqi ilə əmək və məşğulluq sahəsində kağız üzərində aparılan bütün əməliyyat və yazışmaların, işçilərlə əmək münasibətlərinə dair məlumatların, ştat cədvəllərinin və s. elektronlaşması təmin olunacaq.
Altsistemin tərkibində risk əsaslı yoxlama, elektron audit və s. ilə bağlı modullar da yaradılacaq. Vakansiya bankının daha təkmil formalaşdırılması və xüsusi alqoritmlərlə işəgötürən üçün işçi, işçi üçün isə işəgötürən seçimi təşkil ediləcək. Nəticə etibarilə ƏMAS işəgötürənlər (xüsusilə də kiçik və orta sahibkarlar) üçün əmək münasibətlərinin daha rahat şəkildə tənzimlənməsində mühüm önəm kəsb edəcək.