Emin Hüseynov: Füzuli şəhərində ilk yaşayış məhəlləsində 18 binanın inşası sentyabrda başa çatacaq
Füzuli, 12 aprel, A.Yavərzadə, AZƏRTAC
Füzuli şəhərində qardaş dövlətlər olan Qazaxıstan və Özbəkistan tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin, həmçinin 960 şagird yerlik tam orta məktəb binasının inşası həyata keçirilir. İşlər sürətlə icra olunur. Məktəb binasının bu ilin sentyabrınadək yekunlaşması nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Füzuli şəhərində jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Şəhərdə 38 binadan ibarət ilk yaşayış məhəlləsi də inşa olunmaqdadır. Layihə üzrə işlərin ilin sonunadək yekunlaşması nəzərdə tutulur. Burada da işlər nəzərdə tutulduğundan sürətlə aparılır. Hesab edirik ki, təxminən 18 binanın inşası sentyabrda tamamlanacaq. Eyni zamanda, digər layihələrdən olan “Köndələnçay 1”, “Köndələnçay 2” və “Aşağı Köndələn” su anbarlarının əsaslı təmir-bərpa işləri də sürətlə aparılır. Bu işlərin də ilin sonunadək yekunlaşması gözlənilir”, - deyə o əlavə edib.