Ən yüksək vergilər tətbiq edən ölkələr
Bakı, 12 iyun, AZƏRTAC
Dünya İqtisadi Forumu ən yüksək vergilər tətbiq edən ölkələrin adlarını açıqlayıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Dünya İqtisadi Forumunun nəzərdən keçirdiyi göstəricilərdən biri ölkədə vergi yüküdür. Bu zaman daha yüksək ballar daha aşağı rəqabətlilik deməkdir. Bundan ötrü Dünya Bankından ümumi vergi dərəcəsi haqqında məlumatlar alınır.
Aşağıda ümumi vergi dərəcəsi 50 faizdən yuxarı olan ölkələr barədə məlumat verilib.
Çad - vergi yükü 63,5 faiz. Çad iqtisadiyyatı kənd təsərrüfatına əsaslanan çox yoxsul bir ölkədir. Burada dövriyyə vergisi 1,5 faiz, mənfəət vergisi isə 40 faiz təşkil edir, bu zaman şirkətlər həmin vergilərdən birini - daha yüksək olan vergini ödəyirlər.
Çin - vergi yükü 64,6 faiz. Bu siyahıda bir çox digər ölkələr kimi, Çində də şirkətlər mənfəət vergisinə deyil, dövriyyə vergisinə cəlb edilir.
İtaliya - vergi yükü 65,4 faiz. İtaliya yüksək vergiləri ilə tanınır. Lakin vergi yükünün səviyyəsinə görə Avropada yalnız ikinci yeri tutur.
Venesuela - vergi yükü 65,5 faiz. Venesuela hökuməti Uqo Çavesin prezidentliyi dövründə yüksək vergi siyasəti həyata keçirirdi - xarici neft şirkətləri xüsusilə yüksək vergiyə cəlb olunurdu.
Nikaraqua - vergi yükü 65,8 faiz. 2012-ci ildə Beynəlxalq Valyuta Fondu ölkəyə mürəkkəb və şaxələnmiş vergi sistemini, o cümlədən korporasiyaların vergitutmasını sadələşdirməyi tövsiyə edib.
Fransa - vergi yükü 66,6 faiz. Bu ölkə Avropada vergi yükünün səviyyəsinə görə birinci yerdədir. Lakin, ölkənin hazırkı hökuməti vergi sisteminə yenidən baxılacağına və korporativ vergiləri azaldacağına söz verib.
Qvineya - vergi yükü 68,3 faiz. Qvineyada şirkətlər ötən il üçün vahid dövriyyə vergisini ödəyirlər.