“Enterprise Azerbaijan” Alman Süni İntellektin Araşdırma Mərkəzi ilə əməkdaşlıq edəcək
Bakı, 28 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı növbəti “Startup School” layihəsini həyata keçirmək üçün Alman Süni İntellektin Araşdırma Mərkəzi ilə əməkdaşlıq edəcək.
Bu barədə AZƏRTAC-a İİTKM-dən bildirilib. Qeyd olunub ki, bununla bağlı İİTKM-in icraçı direktoru professor Vüsal Qasımlı Alman Süni İntellektin Araşdırma Mərkəzinin elmi işçisi Nicat Mehdiyevlə görüşüb. Görüşdə İİTKM-in fəaliyyəti, həyata keçirdiyi layihələr, o cümlədən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsi prosesi barədə məlumat verilib. İcraçı direktor monitorinq və qiymətləndirmə sahəsində süni intellektdən istifadə imkanlarının mümkünlüyünü qeyd edib.
N.Mehdiyev də təmsil etdiyi qurumun fəaliyyəti, həmçinin süni intellektin tətbiq sahələri barədə danışıb.
“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva isə birinci “Startup School” layihəsi barədə məlumat verib. O, növbəti “Startup School” layihəsində süni intellekt sahəsində ixtisaslaşan startaplara dəstək verilə biləcəyini və “Enterprise Azerbaijan”ın bu sahədə əməkdaşlığa hazır olduğunu bildirib.
Görüş çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edək ki, birgə həyata keçirilməsi nəzərdə tutulan layihədə məqsəd yerli startapları inkişaf etdirməklə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı qarşıya çıxa biləcək çağırışların süni intellekt vasitəsilə həllinə nail olmaq, Azərbaycanda gənclərin süni intellektlə bağlı bilik və bacarıqlarını artırmaq, innovasiya mədəniyyətini və texnologiya savadını inkişaf etdirməklə insan resurslarının inkişafına töhfə verməkdir.