Ərəb mediası Azərbaycan-Türkiyə birgə taktiki təlimi barədə yazıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Ərəb ölkələrinin nüfuzlu “Əl-Hürrə”, “Əl Əhram”, “Şarjah24” qəzetləri, digər informasiya portalları, həmçinin “SkynewsArabia”, “Əl Cəzirə”, “Əl Ərəbiyə” telekanalları Azərbaycan-Türkiyə birgə taktiki təlimi barədə xəbərlər və reportajlar yayımlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla yayılan materiallarda Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi keçirildiyi bildirilib.
Ərəb ölkələrinin ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla Azərbaycanın müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.
Ərəb mediası qeyd edib ki, təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.
Xəbər və reportajlarda vurğulanıb ki, Bakı və Ankara Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində də birgə səylərini davam etdirir.