Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən Qırğızıstan KİV-lərinə hücum ediblər
Bakı, 19 sentyabr, AZƏRTAC
Erməni hakerlər Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun araşdırmalarını rus dilində dərc edən Qırğızıstanın kütləvi informasiya vasitələrinə (KİV) hücum ediblər.
Bu barədə AZƏRTAC-a Tarix İnstitutundan məlumat verilib.
Tarix İnstitutunun alimlərinin Qırğızıstandakı saytlarda indiyədək aşağıdakı məqalələri dərc edilib: “Ermənilərin Qacarlar İranından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, “Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan və ətrafındakı Azərbaycan torpaqları ermənilərə hansı şərtlərlə verilib?”, “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər”, “Real tarix və “böyük Ermənistan” uydurması”. Azərbaycan alimlərinin arxiv sənədlərinə əsaslanan məqalələri erməni millətçilərində ciddi narahatlıq doğurub. Ona görə də erməni hakerlər Qırğızıstan KİV-lərinə bir neçə dəfə hücum edərək, onları dağıdıblar.
Xatırladaq ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” tərəfindən Tarix İnstitutu alimlərinin “Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər tarixi faktlarla” və “Azərbaycan XVIII-XIX əsrlərdə” kimi fundamental tədqiqatları (rus dilində) nəşr olunub.