Erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlər cəzasız qalmamalıdır
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlamışdır.
AzTU-nun rektoru, professor Havar Məmmədov mərasimi açaraq söyləmişdir ki, son iki əsrdə soydaşlarımıza qarşı törədilmiş qanlı cinayətlərlə dolu hadisələr xalqımızın xatirəsindən heç vaxt silinməyəcəkdir. Rektor bu ağır cinayətləri xronoloji ardıcıllıqla yada salmış, ermənilərin öz havadarlarına güvənərək xalqımıza qarşı həyata keçirdikləri soyqırımının kökləri, səbəbləri ilə bağlı tarixi faktları xatırlatmışdır.
Qeyd olunmuşdur ki, ermənilərin İran və Türkiyədən kütləvi surətdə Azərbaycana, o cümlədən Qarabağa köçürülməsinə 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra başlanmışdır. Rəsmi məlumatlara görə, 1828-1830-cu illərdə, yəni cəmi iki il ərzində Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülmüşdür. 1890-cı ildə “Daşnaqsütyun” partiyasını yaratmaqla ermənilər məskunlaşdıqları Azərbaycan ərazilərində mənfur niyyətlərini həyata keçirərək qanlı hadisələr, terror və qırğınlar törətməyə başlamışlar. Onların xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etdirilmişdir. Bu siyasət onsuz da müstəmləkə əsarətində olan azərbaycanlıların gələcəkdə hər hansı müstəqillik meyllərinin qarşısının alınması və yerli əhalinin sıxışdırılıb çıxarılaraq yerində erməni-xristian bölgəsinin yaradılmasına yönəlmişdi. Ermənilərin təşkilatlanması və silahlanmasına hərtərəfli yardım göstərilmiş, onların Azərbaycan əhalisinə qarşı təcavüzkar hərəkətlərinə dəstək verilmişdir. XX əsrin əvvəllərində ermənilər ilk dəfə Azərbaycanın tarixi torpaqlarında yerli əhalini sıxışdırıb çıxarmağa başlamışlar. Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törətmişlər. 1905-ci ilin fevralında Bakıda başlayan qırğınlar 1906-cı ilə qədər davam etmişdir. Bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmışdı.
Universitetin fəlsəfə və politologiya kafedrasının müdiri, dosent Əyyub Kərimov, tələbə gənclər təşkilatının sədri Vüqar Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımının ağır nəticələrindən danışaraq bildirmişlər ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik dövründə, yəni 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş şərh edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. İndi bizim vəzifəmiz xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarətdir.