Erməni millətçilərinin soyqırımı siyasətinin mahiyyəti bütünlüklə ifşa olunub
Naxçıvan, 31 mart, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra azərbaycanlıların soyqırımı məsələsinə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə həyata keçirdikləri soyqırımı siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Naxçıvan bölməsində “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti” adlı elmi konfransda səsləndirilib.
Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək, ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı siyasəti, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, repressiya və deportasiyaya məruz qalması, etnik təmizləmə, ərazilərimizin bir hissəsinin işğal edilməsi barədə ətraflı danışıb.
Qeyd edilib ki, uzun illər ərzində bu acı həqiqət dünya ictimaiyyətinə çatdırılmayıb və erməni vəhşiliyinə siyasi qiymət verilməyib. Məhz ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib.
Akademik İsmayıl Hacıyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırılması istiqamətində bölmə əməkdaşlarının da üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb. O deyib ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları bu mövzuda tədqiqatlarını genişləndirməli, monoqrafiyalar, kitablar nəşr etdirməli, sənədli materiallar hazırlamalı, eyni zamanda, internet vasitəsilə təbliğat aparmalıdırlar.
Konfransda AMEA Naxçıvan bölməsinin əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun, aqrar elmlər doktoru Varis Quliyevin, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin məruzələri dinlənilib.
Sonra erməni vəhşiliklərini əks etdirən “31 Mart - Azərbaycanlıların soyqırımı” adlı videoçarx nümayiş etdirilib.