Erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklər heç zaman unudulmayacaq
Zaqatala, 31 mart, AZƏRTAC
Qonşu xalqların torpaqlarını zəbt edərək “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bütün bunlar öz miqyasına və nəticələrinə görə həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara, həm də mənəvi-əxlaqi kodekslərə əsasən insanlığa qarşı və bəşəriyyət əleyhinə törədilmiş cinayətlər sayılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Zaqatala şəhərində keçirilən toplantıda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.
Soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Anar Seyidovun “Tariximizi unutmayaq” mövzusunda məruzəsi dinlənilib. Məruzədə erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə geniş məlumat verilib. Bildirilib ki, ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən qırğınlar zamanı on minlərlə həmvətənimiz qəddarcasına öldürülüb, xalqımızın qiymətli maddi-mədəniyyət abidələri məhv edilib. Azərbaycanlılara qarşı soyqırımı siyasəti ötən əsrin sonlarında da məqsədyönlü şəkildə davam etdirilib, xalqımız 20 Yanvar qırğını, Xocalı soyqırımı kimi misli görünməmiş dəhşətlərlə üzləşib, torpaqlarımızın 20 faizi işğala məruz qalıb, bir milyona yaxın həmvətənimiz öz ata-baba torpaqlarından didərgin düşüb.
Diqqətə çatdırılıb ki, yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin dövlətimizə və xalqımıza qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya bəyan etmək və hüquqi-siyasi qiymət vermək mümkün olub. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir.
Məruzədə qeyd olunub ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında antiterror əməliyyatında qətiyyətlə verilib. Azərbaycan Ordusu soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında alıb. Ermənistanın 30 il davam edən işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin edilib. Bu gün Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla anır, onların faciəli taleyini unutmur. Eyni zamanda, tarixi ədaləti bərpa edərək, qazandığı Zəfərlə öz gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirməyin qürurunu yaşayır.
Toplantıda Zaqatala hərbi prokuroru Emin Quliyev, YAP rayon təşkilatının sədri Fərid Ramazanov və Zaqatala rayonu üzrə gənclər və idman sektorunun müdiri Araz Əliyev çıxış edərək, erməni millətçilərinin törətdikləri vəhşiliklərin, zorakılıqların xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar.
Müxbir – Mustafa Dadaşov