Ermənilər işğal etdikləri Zəngilan rayonunda ekoloji terroru davam etdirirlər
Bakı, 29 oktyabr (AZƏRTAC). Zəngilan rayonunun işğalından 18 il ötür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 1993-cü il oktyabrın 29-da ermənilər tərəfindən işğal edilmiş Zəngilan rayonunda zəngin ehtiyatlara malik olan qızıl, əhəngdaşı, gil və qum-çınqıl qarışığı yataqları Azərbaycan sənayesi üçün böyük əhəmiyyət daşıyırdı.
Bundan başqa, rayonun Muğanlı kəndində 250 illik dağdağan, Mincivan qəsəbəsində 150 və 300 yaşlı 2 şərq çinarı, Zəmiyeri adlanan sahədə 160 illik palıd ağacı pasportlaşdırılaraq qorunurdu.
Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektarlıq Arazboyu yasaqlıq, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12 min 864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaq, o cümlədən Qotursu və Turşsu mineral bulaqları hazırda erməni silahlı birləşmələrinin əlindədir.
Eyni zamanda, Ermənistandan çirkli sular təmizlənmədən birbaşa rayon ərazisindəki Oxçuçaya axıdılır. Nəticədə çayın mikroflora və faunası məhv olmuş, çayın özünütəmizləmə prosesi dayanmışdır.
Nazirliyin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i aşkar etmişdir ki, Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınmışdır.
Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törətmiş, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırmış, binanın ətrafında olan 2 hektara yaxın ərazidə çoxillik qoz, çinar və şam ağaclarını tamamilə qırmışlar.
Daşbaşı və Leşkar meşələrində 55 hektar ərazidə 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 yaşlı palıd ağacları qırılıb daşınmış və ərazi yandırılmışdır.
Ermənilər işğal etdikləri rayonda ekoloji terroru bu gün də davam etdirirlər.