Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər uzun müddət xalqımızdan gizlədilib
Bakı, 31 mart, AZƏRTAC
Cəbhə bölgəsindəki hərbi bölmələrin birində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ədəbi-bədii gecə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxışında qeyd edib ki, ermənilərin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırımlar və qətliamlar uzun müddət xalqdan gizlədilib, arxivlərin qapısına polad kilidlər vurulub, hətta bu barədə danışmaq belə yasaq edilib. Lakin 1998-ci il martın 26-da xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı müvafiq Fərmanından sonra əsl həqiqətlər üzə çıxıb. İlk dəfə olaraq bu Fərmanda azərbaycanlılara qarşı soyqırımı öz rəsmi ifadəsini tapıb. “1998-ci ildən başlayaraq ölkəmizdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməkdədir. Bu gün biz tarixin ibrət dərslərindən nəticə çıxarmalı və unutmamalıyıq ki, hələ də torpaqlarımızın bir hissəsi düşmən işğalı altındadır. Biz həmin torpaqları tezliklə azad etməyə borcluyuq”,- deyə A.Qurbani vurğulayıb.
Füzuli rayon Kərimbəyli kənd məktəbinin müəllimi Azad Əsədov, mayor Namiq Cavadov, Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi Vaqif Vəliyev və başqaları çıxış edərək soyqırımı qurbanlarının xatirəsinin ölkəmizdə əziz tutulduğunu, bir çox bölgələrimizdə xatirə komplekslərinin yaradıldığını qeyd ediblər.
Sonra Füzuli Dövlət Dram Teatrının aktyorlarının ifasında yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Xəcalət” adlı ikihissəli tamaşa şəxsi heyətə təqdim edilib.
Rejissor Asif Şirinovun quruluş verdiyi tamaşada aktyorlardan Sevinc Məmmədova, Sehran Xanlarov, Elçin Məmmədov, Əsmət İbrahimova, Elşən Gözəlov, Fatimə Səfərəliyeva, İsmayıl İbrahimov və başqalarının çıxışları şəxsi heyət və hərbi hissəyə qonaq gəlmiş Kərimbəyli və Şükürbəyli kənd orta məktəblərinin müəllim və şagirdləri tərəfindən də maraqla qarşılanıb.
Sonda hərbi hissənin komandiri şəxsi heyət adından yaradıcı heyətə minnətdarlığını bildirib.