Ermənistan nümayəndə heyəti NATO PA-nın Bakıda keçirilən seminarının gedişini pozmağa cəhd göstərmişdir
Bakı, 16 iyun (AZƏRTAC). İyunun 16-da NATO PA-nın Bakıda öz işinə başlayan 86-cı Rouz-Rout seminarında iştirak edən Ermənistan nümayəndə heyəti tədbirdə səsləndirilən fikirlərə dözümsüz yanaşaraq seminarın gedişini pozmağa, müzakirələrin istiqamətini dəyişdirməyə cəhd etmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda LİNKS Təhlili və Oksford Universitetinin direktoru Dennis Sammut çıxış edərək son dövrlər Azərbaycanda gedən iqtisadi inkişafı xüsusi vurğulamışdır.
Azərbaycanda müsbət dəyişikliklərdən danışan D.Sammut iqtisadi cəhətdən qüdrətli ölkənin əsas probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayaraq demişdir: “Münaqişənin həllində əsas prinsip kimi ərazi bütövlüyü götürülməlidir. Azərbaycanın ərazi bütövlüyü pozulub və bərpa olunmalıdır”.
D.Sammutun çıxışı 28-ə yaxın ölkənin nümayəndələri tərəfindən alqışlarla qarşılandığı halda, Ermənistan nümayəndə heyətinin etirazına səbəb olmuşdur. Ermənistan nümayəndə heyətinin üzvləri proqramı pozaraq iclasın gedişinə mane olmağa çalışmışlar.
Seminarı aparan Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov onlara söz vermişdir.
Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan əvvəlcə D.Sammutun çıxışına etiraz etdiyini bildirsə də, bunu əsaslandırmamış və dərhal Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun çıxışındakı Azərbaycanın işğal olunmuş torpaqları, qaçqın və məcburi köçkün düşmüş bir milyondan çox azərbaycanlının öz yurdlarına qayıtması ilə bağlı tələbini “təcavüz” adlandırmışdır. O, israrla tələb etmişdir ki, buradakı müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəf olaraq tək Ermənistan və Azərbaycan yox, qondarma “Dağlıq Qarabağ Respublikası” da göstərilsin. K.Nahapetyan müzakirələrdə Azərbaycanın işğal olunmuş torpaqları məsələsinin üstündən keçərək, daha çox Dağlıq Qarabağda yaşayan ermənilərin müqəddəratı məsələsini qabartmağa çalışmışdır.
Onun ardınca söz alan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycanın torpaqlarının faktiki olaraq Ermənistan tərəfindən işğal edildiyini, Qarabağın Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsi olduğunu konkret faktlarla iştirakçılara, o cümlədən Ermənistan nümayəndə heyətinə xatırladaraq demişdir: “Əgər söhbət ermənilərin öz müqəddəratını təyin etməyindən gedirsə, erməni xalqı artıq müqəddəratını təyin edib və Ermənistan dövlətini yaradıb. İndi Azərbaycan torpaqlarında bir qisim erməni yaşayır deyə, orada da ikinci dövlət yaratmaq cəhdi təbii ki, absurddur. Bu gün dünyanın bir çox ölkələrində, məsələn, Kaliforniyada Dağlıq Qarabağdakından da çox erməni yaşayır. Belə çıxır ki, orada da “müqəddəratını təyin etmək” adı ilə əlavə erməni dövləti yaradılmalıdır? Dünyanın 30-dan çox ölkəsində ermənilər yığcam halda yaşayır. Belə çıxır ki, dünyada 30-dan çox erməni dövləti yaradılmalıdır?”
S.Novruzovdan sonra D.Sammut yenidən söz alaraq öz fikrini bir daha təkrarlamış, münaqişənin yalnız Ermənistan və Azərbaycan arasındakı problem olduğunu xatırlatmışdır. O, müharibənin əleyhinə olduğunu bildirərək münaqişənin sülh yolu ilə həllinin və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyini bildirmişdir.
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, deputat Zahid Oruc isə erməni nümayəndə heyətinin israrla “ermənilərin müqəddəratını təyin etməsi” tələbinə cavab olaraq demişdir: “Əgər siz doğrudan da orada yaşayan ermənilərin öz müqəddəratını təyin etməsinin tərəfdarısınızsa, o zaman Ermənistan dövlət olaraq çəkilsin kənara, münaqişəyə qarışmasın və Azərbaycan Dağlıq Qarabağdakı vətəndaşları ilə problemi özü həll edər”.
Ermənistan nümayəndə heyətinin üzvü, deputat Tevan Poqosyan isə deyilənlərə tutarlı cavab tapa bilmədiyindən seminarda Dağlıq Qarabağla bağlı səsləndirilən BMT-nin məlum 4 qətnaməsini də təhrif edərək demişdir: “Siz BMT-nin qətnamələrindən çox danışırsınız. Təklif edirəm ki, qətnamələrin mətni ilə tanış olun. Baxın görün orada nə yazılıb və sonra Ermənistanı işğalçı adlandırın”.
Ermənistan nümayəndə heyəti Türkiyə-Ermənistan münasibətləri mövzusunu da müzakirələrə qatmaq istəyib. T.Poqosyan çıxışında Azərbaycanı Ermənistan-Türkiyə münasibətlərinə “şərik” çıxmaqda ittiham edərək bildirib ki, Ermənistan faktiki olaraq blokadadadır. Erməni deputat Qarabağdakı öz yurdlarından məcburi köçkün düşmüş azərbaycanlılarla bağlı reallığı da açıq-aşkar inkar etmişdir.
Daha sonra Türkiyənin mövqeyini bildirmək üçün bu ölkənin NATO PA-dakı üzvü Ahmet Berat Conkar söz almış, erməni deputatın Ermənistanın Türkiyə ilə münasibətlərində Azərbaycanı günahlandırmasına etiraz edərək demişdir: “Bu, Ermənistanın öz seçimidir ki, blokadadır. Ermənistan faktiki olaraq qardaş Azərbaycanın torpaqlarını işğal edib. Bizim isə vahid mövqeyimiz bəllidir: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltsın, o zaman sərhədləri açaq”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov müzakirələrə qoşularaq demişdir: “Burada Ermənistan nümayəndə heyətinin üzvü BMT-nin Dağlıq Qarabağla bağlı məlum 4 qətnaməsinin mətnindən danışdı. Cənab Poqosyan, o qətnamə, bax, bu dəqiqə mənim əlimdədir. Burada yazılıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozub və dərhal işğal olunmuş torpaqları boşaltmalıdır. Bundan başqa, sizin prezident Serj Sarkisyan AŞPA-nın iclasında açıq-aşkar bəyan etdi ki, Ermənistan Azərbaycanın torpaqlarını tutub və bu ərazilərə nəzarət edir. Bu, sizin prezidentin rəsmi etirafıdır. İndi siz prezidentinizdən qabağa gedirsiniz? Eyni zamanda, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Naxçıvan bölgəsi uzun illərdir ki, blokadadadır. Amma siz Ermənistanın blokadasından danışırsınız. İndi deyin, kim kimi blokadaya salıb?”.