CƏMİYYƏT
Ermənistan rəsmilərinin Qarabağda “etnik təmizləmə” iddiası yalan təbliğatdır – Şərh
Bakı, 1 may, AZƏRTAC
Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində vətəndaşların nizam-intizamla və nəzakətli şəkildə keçidi təşkil olunur. Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər. Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləməsi” və Laçın yolunun “blokadası” ilə bağlı iddiaları növbəti yalan təbliğatdan başqa bir şey deyil. Laçın yolunda təhlükəsizlik və qayda-qanun çərçivəsində sərhəd keçidində nəzarət təmin olunub, heç bir problem yoxdur. Gorus-Xankəndi yolunun Laçından keçən hissəsində sərhəd-nəzarət məntəqəsinin quraşdırılandan sonrakı mərhələdə Qarabağda yaşayan erməni əsilli gələcəkdə vətəndaşımız olacaq ermənilərin onunla bağlı təlaşının yaranması normal haldır. Çünki ermənilərlə azərbaycanlılar arasındakı təmasın Vətən müharibəsindən sonra ən azından vətəndaşlar səviyyəsində olması yeni mərhələyə keçəcək. Bunlardan ermənilər iki istiqamətdə istifadə etməyə çalışacaqlar. Birincisi, bunu etnik təmizləmə, soyqırımı ilə əlaqələndirərək müəyyən təxribatçı addımlar atacaqlar. Ola bilsin ki, bizim dövlət qurumlarımızın Laçın yolu vasitəsilə vəzifələrinin yerinə yetirilməsi zamanı sərhədçilərimizə qarşı fiziki təhqirlər və yaxud hər hansı təxribatçı addımlar atıla bilər.
Bunu ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev AZƏRTAC-a müsahibəsinə deyib.
Onun sözlərinə görə, Şuşadakı nəzarət məntəqəsində ermənilərin daxili qoşunların hərbçilərinə qarşı qumbara atdıqlarını müşahidə etmişdik. Əslində inteqrasiya, o cümlədən ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçərkən dövlət orqanlarımıza tabe olması, qanunlarımıza riayət etməsi müəyyən vaxt aparacaq. Ancaq düşünürəm ki, ilkin mərhələdə bu sərhəd-buraxılış məntəqələrində dövlət orqanlarımızın əsas tapşırıqlarından biri Ermənistan tərəfindən Azərbaycan ərazisinə qeyri-qanuni, xüsusən də hərbi təyinatlı yüklərin daşınmasının qarşısını almaqdır. Xüsusən də Qarabağda 10 min nəfər qeyri-qanuni hərbi birləşmələrin təchizatının silahla təminatına mane olmaqdır.
“Həmin ərazilərdən minaların daşınması bu terrora son qoyulması baxımından əhəmiyyətlidir. Üçüncü ölkənin terrorçu qruplaşmalarının üzvlərinin ölkəmizə daxil olmasının qarşısı da ciddi şəkildə alınmalıdır. Qarabağdan təbii resurslarımızın çıxarılması ilə bağlı tədbirlər görülməlidir. Həmçinin erməni əsilli gələcəkdə vətəndaşlarımız olacaq şəxslərin sərhəd-buraxılış məntəqəsindən kimliklə yoxlanılaraq keçməsi sadələşdirilmiş formada ola bilər. Bu o deməkdir ki, ermənilərin Ermənistan, ya da Azərbaycan vətəndaşlığı kimliyi alanadək təxribatçı addımları atmağa çox da meyilli olmasınlar deyə onlara müəyyən vaxt verilməlidir.
Biz siyasi, hərbi və strateji məqsədə nail olmuşuq. Demək olar ki, artıq bütün sərhədlərimiz silahlı qüvvələrimiz və sərhəd xidmətinin hərbçiləri tərəfindən nəzarətə götürülüb”, - deyə polkovnik-leytenant vurğulayıb.
Bildirib ki, digər məsələ Qarabağdakı ermənilərin inteqrasiyasının həyata keçirilməsi, bölgədəki 10 min nəfərə yaxın qeyri-qanuni birləşmələrin üzvlərinin ya silahsızlaşdırılması, ya çıxarılması, ya da mülkiləşdirilməsi prosesinin aparılmasıdır. Hazırda bu bizim daxili işimizdir və əsas diqqətimizi ona yönəltməliyik. İstər Ermənistanda, istərsə də onun xaricdəki havadarlarının fikirləri Azərbaycanın mövqeyinə təsir göstərə bilməz. Çünki ərazilərimizdə Azərbaycan yuridiksiyasının bərpa edilməsi birtərəfli qaydada həyata keçirilir və bu Azərbaycanın legitim hüququdur.
Hərbi ekspert qeyd edib ki, növbəti mərhələdə ermənilər, Azərbaycan Bayrağının hətta Xankəndidə dalğalanmasına özlərini psixoloji olaraq hazırlamalıdırlar. Azərbaycan vətəndaşı olmaq istəyən ermənilər etnik azlıqlar ölkəmizdə necə yaşayırlarsa, elə də yaşaya bilərlər.
“Amma yəqin ki, üçüncü qüvvələr bu erməni amilindən Azərbaycana qarşı beynəlxalq siyasi institutlarda istifadə etməyə çalışacaqlar. Ancaq Azərbaycanın bu istiqamətdə təcrübəsi var. Düşünürəm ki, bu mərhələdə də biz dövlət kimi yumşaq keçidlə bunu təmin etmə prosesini həyata keçirə biləcəyik. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra Azərbaycan ərazilərində vətəndaşlarımız kimi yaşamağın üstünlüklərini hiss edəcək, təzyiqlərdən xilas olacaqlar. Ümidvaram ki, bu prosesi Azərbaycanın istəyi ilə uyğun şəkildə reallaşdıra biləcəyik”, - deyə hərbi şərhçi əlavə edib.