Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 125 dəfə pozub VİDEO
Bakı, 19 aprel, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Cəfərli kəndlərində, Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altındakı Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.