ŞƏRH
Ermənistan üzərində qazanılmış hərbi uğurlar beynəlxalq hüququn təntənəsidir ŞƏRH
Bakı, 8 noyabr, AZƏRTAC
Bu gün xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalçı ordusu üzərində əldə edilmiş tarixi Zəfərini qeyd edir. Azərbaycanın əldə etdiyi parlaq Qələbə sayəsində 1987-ci ilin payızında azərbaycanlıların Ermənistandan zorla çıxarılması ilə başlamış silahlı münaqişəyə nəhayət son qoyulub və ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib.
Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərində əldə edilmiş parlaq qələbələr möhtəşəm hərbi uğurlar olmaqla yanaşı, beynəlxalq hüququn və insan hüquqlarının təntənəsi, təcavüzkarlığın və irqçiliyin məğlubiyyətidir. Ədalətsizliklərlə dolu dünyamızda bu, nadir müsbət inkişaflardandır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib.
O bildirib ki, Azərbaycanın parlaq Qələbəsi ilə Ermənistanın irqçi siyasətinin və etnik təmizləməsinin qurbanı olmuş bir milyona yaxın məcburi köçkünün qayıdış hüququ kimi təməl insan hüquqlarını təmin edib, ədalətə və beynəlxalq hüquqa inamı möhkəmləndirib. Azərbaycanın tarixi Zəfəri ölkəmizin sülh və təhlükəsizlik şəraitində inkişafı, eləcə də regionda davamlı sülh üçün daha möhkəm əsaslar yaradır. Lakin Prezident İlham Əliyevin Milli Məclisin yeddinci çağırışının ilk iclasında etdiyi tarixi çıxışında bildirdiyi kimi, arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Ermənistanın və bir sıra dairələrin bəzi davranışları davamlı sülhün əldə olunmasına ciddi maneə törədir. Ermənistan genişmiqyaslı silahlanma həyata keçirir, işğal, etnik təmizləmə, qətliam və dağıntılarla bağlı məsuliyyətini qəbul etmir, Azərbaycana qarşı iddialarından əl çəkmir və qovulmuş azərbaycanlıların Ermənistana qayıdışını əngəlləyir.
“Ermənistanın məsuliyyəti məsələsini, xüsusilə vurğulamaq lazımdır. Ermənistan Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləmə aparmasına, 30 mindən çox azərbaycanlının həyatına son qoymasına, 4 min azərbaycanlını itkin salmasına, Azərbaycanın iqtisadiyyatına, dövlət, özəl və şəxsi mülkiyyətə külli miqdarda ziyan vurmasına və ərazilərimizi minalarla çirkləndirməsinə görə öz məsuliyyətini etiraf etməli və ölkəmizdən üzr istəməlidir.
Lakin praktikada tamamilə fərqli addımlar görürük. Ermənistana müasir silahlar verilir, diqqəti İrəvanın cinayətlərindən yayındırmaq üçün Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırılır. Digər tərəfdən isə qalib tərəf kimi Azərbaycandan Ermənistana güzəşt etmək və mərhəmət göstərmək xahiş edilir. Prezident İlham Əliyevin bu gün xalqa etdiyi müraciətində də qeyd etdiyi kimi, Ermənistanın havadarları elə davranır ki, "Sanki 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb". Bütün bunlar Ermənistanın törətdiyi cinayətlərin unutdurulmasına, təcavüzkarın qorunmasına xidmət edir və onu yeni münaqişəyə başlamağa həvəsləndirir.
Odur ki, biz Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətləri unutdurmağa çalışanların və yenidən münaqişə yaratmağa cəhd edənlərin cavabını verməliyik. Vaxtilə ərazilərimizin 20 faizinin işğal altında olmasını və bir milyon qaçqın və məcburi köçkünümüzün məsələsini bütün beynəlxalq formatlarda qaldırdığımız kimi, xalqımıza qarşı törədilmiş qətliamlar, mədəni irsimizin məhv edilməsi, ölkəmizə vurulmuş külli miqdarda ziyanlar, dağıntılar, mina problemi və Qərbi azərbaycanlıların qayıdış hüququnun pozulmasına görə Ermənistanın məsuliyyəti məsələsini sistemli və ardıcıl şəkildə qaldırmaqda davam etməliyik. Bütün bunlar, davamlı sülhün əldə edilməsinin nə qədər çətin olduğunu və Azərbaycan tərəfinin sülh danışıqlarına təşəbbüs etməklə nə dərəcədə konstruktiv davrandığını nümayiş etdirir", - deyə Q.Məmmədov vurğulayıb.
Deputat qeyd edib ki, Ermənistan tərəfi Prezident İlham Əliyevin sözlərinə diqqət etməli, silahlanma siyasətindən və digər zərərli fəaliyyətlərindən əl çəkməli və ölkəmizin sülh çağırışlarına real addımlarla cavab verməlidir.