ERMƏNİSTANDA HESAB EDİRLƏR Kİ, O, QARABAĞ MƏSƏLƏSİNDƏ DİPLOMATİK MƏĞLUBİYYƏTƏ UĞRAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ermənistanın ictimai-siyasi qüvvələri Dağlıq Qarabağ probleminin həlli ətrafında yaranmış vəziyyətdən narahatdır və hesab edirlər ki, Ermənistan diplomatik məğlubiyyətə uğramışdır. Söhbət ondan gedir ki, Dağlıq Qarabağ probleminin dincliklə aradan qaldırılmasına maraq göstərən, əslində, bütün başlıca qüvvələr bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini bəyan etmişlər. AŞPA-nın Dağlıq Qarabağa dair qətnamə qəbul etməsi də, ATƏT nümayəndələrinin Dağlıq Qarabağ bölgəsinə getməsi də, ABŞ Dövlət Departamentinin və İran Prezidenti Məhəmməd Xatəminin bəyanatları da, habelə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışları da bunu təsdiqləyir.
Ermənistan Demokrat Partiyasının başçısı, parlamentdəki “Ədalət” fraksiyasının üzvü, ölkə prezidentinin xarici məsələlər üzrə sabiq müşaviri Aram Sarkisyan Rusiyanın Reqnum İnformasiya Agentliyinə müsahibəsində bildirmişdir ki, Ermənistanın bu cür diplomatik uğursuzluğuna səbəb odur ki, Koçaryan və Oskanyan cənabları Azərbaycan Prezidentinin nəyə qadir olduğunu lazımınca qiymətləndirmədilər. O demişdir: “Əslində isə, İlham Əliyev qısa müddət ərzində etibarlı tərəfdaşlardan ibarət bütöv bir koalisiya yaradılmasına dair dəqiq proqram hazırlayıb həyata keçirdi”. Onun fikrincə, Prezident İlham Əliyevin ölkədə bir milyon qaçqın olduğu və ərazilərin 20 faizinin işğal edildiyi barədə bütün bəyanatları siyasi xətt formasını almış və bu xətt beynəlxalq birlik tərəfindən dəstəklənmişdir. Sarkisyan vurğulamışdır ki, Ermənistan Qarabağ problemində tərəfdaşlardan məhrum oldu və təklənmişdir. Bu məsələdə bizi hətta Rusiya da dəstəkləməyəcək, ona görə ki, Rusiya öz mənafelərini əsas tutan praqmatik dövlətdir.
Sarkisyanın fikrincə, vəziyyətdən çıxış yolu Ermənistanda növbədənkənar prezident seçkiləri keçirilməsində və hakimiyyətin “xalqın etimadını qazanmış” insanlara verilməsindədir.