Ermənistanın təxribatları onun dövlətçiliyini sual altında qoyur - ŞƏRH
Bakı, 13 fevral, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən fevralın 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən bölmələrinin mövqeyinə atəşin açılması ötən ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra regionda bərqərar olmuş sabitliyə vurulan böyük zərbədir. Biz görürük ki, Ermənistan başına gələnlərdən dərs çıxarmayaraq yenə də hansısa qüvvələrin təhriki ilə təxribatlar törədir. Bu proses Vətən müharibəsində qazanılan Qələbədən sonra da yaşanmışdı. O vaxt da Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatmaqla, başqa ölkələrin və mərkəzlərin təhriki ilə təxribatlara gedərək antiterror tədbirlərinin keçirilməsini zəruri etdi. Bundan sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağına ümidlər artsa da, bu istiqamətdə real addımların atılması, ikitərəfli müzakirələrə start verilməsi bəzi dövlətləri və mərkəzləri daha çox narahat etməyə başladı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
Politoloq hesab edir ki, İrəvanın son təxribatı əvvəlcədən hazırlanmış planın tərkib hissəsidir. Ermənistanın silahlandırılması, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi, Ermənistanda yerləşən Avropa İttifaqının (Aİ) missiyasının “binokl” əməliyyatı, ölkəmizə qarşı mütəmadi olaraq aparılan qarayaxma kampaniyası, Azərbaycanın Ermənistana hücum edəcəyinə dair əsassız informasiyaların yayılması və sərhəddə yerləşən Silahlı Qüvvələrimizin mövqeyinə atəşin açılması regionda müharibənin yenidən alovlanmasına xidmət edir. Bəzi qüvvələr uzunmüddətli planlarının puç olmasına dözə bilmədiyi üçün yeni reallıqları qəbul edə bilmir. Çünki Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdikləri böyük “fürsət”lər əllərindən çıxıb.
“Ermənistan beynəlxalq münasibətlərin subyekti olmaqdan çıxaraq, sadəcə, obyektə çevrilib. İndi bir çox nüfuzlu ölkələrin və təşkilatların istifadə etdikləri dövlətlər var. Ermənistan ordusu da hansısa qüvvələrin əlində alətdir. Belə təxribatların kimin sifarişi ilə törədilməsindən asılı olmayaraq, zərəri Ermənistan çəkir və bütün məsuliyyət də onun üzərinə düşür. Artıq Azərbaycan tərəfindən bəyan edilib ki, Ermənistanın bütün təxribatlarına bundan sonra da daha ciddi və qəti tədbirlərlə cavab veriləcək”, - deyə o bildirib.
Y.Hacızadənin sözlərinə görə, Azərbaycan işğala, separatizmə son qoyaraq yeni mərhələyə qədəm qoyub və prezident seçkilərindən sonra yeni dövrün astanasındadır. İndi dövlətimizin əsas məqsədi öz təhlükəsizliyini təmin etməklə bərabər, qardaş və dost ölkələrlə Cənubi Qafqazda, Mərkəzi Asiyada əlaqələrini inkişaf etdirmək, regionun siyasi, iqtisadi, hərbi gücü olaraq əməkdaşlığını dərinləşdirməkdir.
“Ölkəmizdə keçirilən seçkilərdən iki gün sonra Prezident İlham Əliyevin Türkiyə istehsalı olan “Akıncı” PUA-larının ordumuzun inventarına qəbul edilməsi mərasimində iştirakı göstərir ki, Azərbaycan təhlükəsizliyinin təmin olunması sahəsində ən yüksək göstəricilərə və son model hərbi texnikaya malikdir. Ona görə də Ermənistan anlamalı və görməlidir ki, bu kimi təxribatlar onun dövlətçiliyini sual altında qoyur. Ermənistan, həmçinin onu da başa düşməlidir ki, regionda yaşamağın və inkişaf etməyin tək yolu min kilometrlərlə uzaqda yerləşən qüvvələrin təsirinə düşməkdən yox, Azərbaycan və Türkiyə ilə əməkdaşlığın qurulmasından keçir”, - deyə politoloq vurğulayıb.