“ƏSRİN MÜQAVİLƏSİ”NİN 10 İLLİYİ İLƏ ƏLAQƏDAR BAYRAM TƏDBİRLƏRİNİN İŞTİRAKÇILARI HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞLAR
Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıqdan sonra onlar ulu öndərin əsasını qoyduğu neft strategiyasının həyata keçirilməsini əks etdirən xüsusi guşəyə baxdılar. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev qonaqlara əsası Heydər Əliyev tərəfindən qoyulmuş, təkcə ölkəmiz və region üçün deyil, bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən irimiqyaslı neft və qaz layihələrinin həyata keçirilməsi barədə məlumat verdi. O bildirdi ki, Heydər Əliyev Fondunda yaradılan guşədə ümummilli liderimizin neft strategiyasının həyata keçirilməsi sahəsində gördüyü möhtəşəm işləri əks etdirən eksponatlar nümayiş etdiriləcəkdir.
Natiq Əliyev ARDNŞ-in adından Heydər Əliyev Fonduna “Əsrin müqaviləsi”nin 10 illiyi münasibətilə təsis olunmuş qızıl və gümüş medalların ilk nümunələrini və Azərbaycanın xalq rəssamı Tağı Tağıyevin tablosunu hədiyyə etdi.
“bp–Azərbaycan” şirkətinin prezidenti Devid Vudvord “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən həyata keçirilmiş irimiqyaslı layihələr barədə məlumat verdi, bütün bu möhtəşəm işlərin Heydər Əliyevin gərgin əməyi, iradəsi və əzmi sayəsində görüldüyünü vurğuladı. O, “bp-Azərbaycan” şirkəti, onun Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz boru xətləri və “Şahdəniz” layihəsi üzrə tərəfdaşları adından Heydər Əliyev Fonduna neft strategiyasının simvolu olan hədiyyə təqdim etdi.
Sonra Devid Vudvord Heydər Əliyev Fondunun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.