Ev-muzeylərinin veb-saytı yenilənib
Bakı, 4 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Oktyabrın 4-də Nizami Kino Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan 5 ev-muzeyinin veb-saytının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, veb-saytlar “Kaktus” Kreativ Şirkətinin əməkdaşı Arzuman Paşayev tərəfindən hazırlanıb.
Tədbirdə bildirilib ki, görkəmli ədiblər - Nəriman Nərimanov, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi və Əzim Əzimzadənin əvvəlcədən mövcud olan ev-muzeylərinin veb-saytları yenidən istifadəçilərin ixtiyarına verilib.
Vurğulanıb ki, saytlarda görkəmli ədiblərimizlə bağlı müvafiq məlumatları əldə etmək mümkündür.
Ən son texnologiyalar əsasında yaradılmış saytların sürətli axtarış sistemi mövcuddur. Saytın ana səhifəsində ev-muzeylərində keçirilən tədbirlər və ölkədə baş verən mədəniyyət hadisələri haqqında da məlumatlarla tanış olmaq mümkündür.