ƏVVƏL QƏTLDƏ ŞÜBHƏLİ BİLİNƏN POLİS CİNAYƏTİ GİZLƏTMƏKDƏ TƏQSİRLƏNDİRİLİR
Q.Tağıyev iyulun 9-na keçən gecə qətlə yetirilmişdir. Gecə yarısı polisin növbətçi pultuna məlumat daxil olmuşdur ki, şəhərin Zareçnaya küçəsində dayanmış “Mersedes” avtomobilində eybəcər hala salınmış kişi meyiti tapılmışdır. Hadisə yerinə gələn polislər müəyyən etmişlər ki, öldürülmüş şəxs Aktübə vilayətindəki Azərbaycan diasporunun başçısı 50 yaşlı Qafar Tağıyevdir.
Faktla əlaqədar cinayət işi qaldırılmışdır. Hüquq mühafizə orqanının əməkdaşı bu qətldə şübhəli hesab edilmişdir. Belə ki, hadisə yerində onun mobil telefonu tapılmışdır.
Hazırda şübhəli bilinən 37 yaşlı polis mayoru müvəqqəti saxlanma təcridxanasındadır. Ona qarşı QR Cinayət Məcəlləsinin 364-cü maddəsi üzrə (cinayəti gizlətmək və törədilmiş cinayət barədə məlumat verməmək) ittiham irəli sürülmüşdür.
Polis isə qatilləri axtarmaqdadır.