Əvvəllər məhkum olunmuş şəxslərdə silah-sursat aşkarlanıb
Bakı, 8 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Ələsgərlidən və R.İsmayılovdan “Makarov”, E.Mürşüdovdan isə “Naqan” markalı tapança, bir patron darağı, yeddi patron və bir səsboğucu aşkarlanaraq götürülüb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət Babayevdə “Makarov” markalı tapança, patron darağı və üç patron aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanıb.