Əziz Səncər: Türk dünyasının gələcəyi elm və texnologiyadan keçir
Bakı, 8 sentyabr, AZƏRTAC
Biz keçmişimizlə qürur duyuruq. Özbəkistandan, Səmərqənddən Türkiyəyə, Balkanlara qədər bizim böyük keçmişimiz olub. Lakin Türk dünyası keçmişdə elmə və insanların ortaq sivilizasiyasına böyük töhfələr versə də, yaxın zamanlarda bunu etməyib. Biz keçmişlə öyünməklə irəli gedə bilmərik. Bu gün nə etdiyimiz və gələcəkdə nə edəcəyimizlə öyünməliyik. Bunun üçün elm və texnologiyaya üstünlük verməliyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk dünyasının görkəmli alimi, Nobel mükafatı laureatı professor Əziz Səncər AMEA-da keçirilən konfransda onlayn çıxışı zamanı söyləyib. Konfrans professor Əziz Səncərin 80 illik yubileyinə həsr edilib.
Alim uşaqların kiçik yaşlarından elmə marağının formalaşdırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, uşaqlara təcrübələr aparmaq, sual vermək və araşdırmaq vərdişləri aşılanmalıdır. Eyni zamanda, qız və oğlan uşaqlarına bərabər təhsil imkanlarının yaradılması mühüm şərtdir.
Əziz Səncər elm adamlarının fəaliyyətinin dəstəklənməsinin vacibliyini vurğulayaraq, alimlərə imkanlar yaradılmasını və elmi fəaliyyət mühitinin təmin edilməsini zəruri hesab etdiyini bildirib.
Nobel mükafatı laureatı türk dövlətləri arasında elmi əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. O, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Özbəkistan, Türkiyə və Türkmənistanın universitetləri, tədqiqat mərkəzləri, beyin mərkəzləri və alimləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
“Bir-birimizi tanımalı, birlikdə araşdırmalar aparmalı və xüsusilə gənc alimlərimizin birgə çalışmalarına, birgə məhsul ortaya qoymasına imkan yaratmalıyıq. Mənim üçün mühüm məsələlərdən biri Türk dünyasının inkişafı və türk gənclərin elmdə ön sıralarda yer almasıdır. Bunun yolu bəllidir – elm yolunu seçəcəyik və bu yolda çox çalışacağıq”, – deyə Əziz Səncər vurğulayıb. O bildirib ki, elmi qurumların elmi biliklərlə qərarvermə prosesləri arasında güclü körpü yaratması Türk dünyasının gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Əziz Səncər Bakıda keçirilən toplantının Türk dünyasında elm, təhsil, texnologiya və əməkdaşlığın daha da güclənməsinə töhfə verməsini arzulayıb.
“Birgə fəaliyyətimizi genişləndirməli və elmi daha da irəli aparmalıyıq”, – deyə alim əlavə edib.