FACİƏ QURBANLARININ XATİRƏSİ ƏBƏDİ YAŞAYACAQ
Yanvarın 18-də Gənclər, İdman və Turizm Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə ölkəmizin azadlığı uğrunda canlarından keçmiş cəsur oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.
Mərasimdə çıxış edənlər vurğuladılar ki, 20 Yanvar faciəsi xalqımızın tarixində silinməz iz buraxmışdır. Keçmiş Sovet İttifaqı rəhbərlərinin və onların respublikadakı əlaltılarının törətdiyi qanlı cinayətin siyasi və hüquqi qiyməti yalnız Prezident Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilmişdir.
Bildirildi ki, öz müstəqilliyi və azadlığı uğrunda uzun illər mübarizə aparmış xalqımız dəfələrlə imperiya siyasətinin qurbanı olmuşdur. Lakin bu qanlı terror da onun iradəsini qıra bilməmişdir. Dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi xalqımızın tarixi yaddaşında əbədi qalacaqdır.
X X X
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 18-də “Abşeron” rəsm qalereyasında gənc rəssamların Qanlı Yanvara həsr olunmuş əsərlərindən ibarət sərgi açılmışdır. Təbrizdə isə İran və Azərbaycan idmançılarının iştirakı ilə velosiped yürüşü başlanmışdır. Yürüş yanvarın 19-da Şəhidlər xiyabanında başa çatacaqdır.