“FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR” JURNALININ YENİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının elmi-nəzəri nəşrinin bu nömrəsi böyük alman filosofu İmmanuel Kantın anadan olmasının 280, vəfatının 200 illiyinə həsr olunmuşdur.
Nömrə jurnalın redaksiya şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin “Kant fəlsəfəsi və müasirlik” sərlövhəli yazısı ilə açılır. Ramiz Mehdiyev yazır: “Fəlsəfənin elə bir sahəsi yoxdur ki, orada Kant öz sözünü deməmiş olsun. İstər qnoseoloji, istər ontoloji, istərsə də aksioloji aspektlərdə Kantın öz baxışlar sistemi vardır. Onun şah əsəri sayılan “Xalis zəkanın tənqidi”, əsasən, idrak nəzəriyyəsinə həsr olunmuşdur. Bu əsər sanbalına və hətta problematikasına görə ancaq Aristotelin “Metafizika”sı ilə müqayisə oluna bilər. Bu əsərdə tutduğu mövqeyə görə idealistlər Kantı materializmdə, materialistlər idealizmdə suçlamış, marksistlər isə onu daha çox aqnostik kimi səciyyələndirməyə çalışmışlar. Onun təliminin orijinallığı da elə bundadır ki, o, özünəqədərki cərəyanlardan heç birinin təsiri altına düşməmiş, sintetik bir təlim yaratmışdır”.
Professor Səlahəddin Xəlilovun “Kant və zəmanəsi: ideya qəhrəmanlığı” və “Qəhrəmanlıq simfoniyası”, Almaniyanın ölkəmizdəki səfiri, professor Klaus Qrevlixin “Müstəqil düşüncə cəsarəti, dözümlülük” və “Əbədi sülh”, fəlsəfə elmləri namizədi Tahirə Allahyarovanın “İ.Kant fəlsəfə üçün nə etdi?” və s. məqalələri görkəmli alman filosofunun yaradıcılığına nəzər salır, çağdaş problemlərə Kant ideyalarının işığında baxmağa kömək edir.
Bu nömrədə oxuculara fəlsəfə elmləri doktoru Rasim Osmanzadənin “Şərq-Qərb: proseslər, anlayışlar, tezislər” (rus dilində), Azərbaycan Universitetinin aspirantı Tofiq Əhmədovun “İnsan haqları fərdi azadlıq və ictimai tərəqqi kontekstində (hüquqi və fəlsəfi aspektlər)”, Essex Universitetinin magistrantı Nərmin Xəlilovanın “Müharibələrarası illərdə erkən idealizm” (ingilis dilində), Azərbaycan Universitetinin dissertantı Azər Babayevin “Plüralist demokratiya və transformasiya problemləri” məqalələri də təqdim olunur.
Jurnalın “Elmi həyat”, “Şeyx əl-İşraq Sührəvərdinin 850 illik yubileyi qarşısında”, “Rəylər, mülahizələr” rubrikaları altında maraqlı materiallar verilmişdir. Yaradıcı kollektiv Freydsevərləri də unutmamışdır: “Tərcümələr” bölməsində onun “Psixoanalizdə bişüur anlayışına dair bəzi qeydlər” əsəri dərc edilmişdir.