FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirib
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayonunun pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb ediləcək bütün kənd təsərrüfatı maşınlarının mütləq ilkin yanğınsöndürmə vasitələri, qığılcımsöndürənlərlə, süpürgələrlə təmini məsələlərinə toxunulub. Eləcə də pambıq tarlalarının, pambıqqurutma meydançalarının, pambıq qəbulu məntəqələrinin, onun emalı zavodlarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsi izah olunub.
Həmçinin su mənbələrinə yolların salınması, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün meydançaların olmasının vacibliyi vurğulanıb, qiymətli sərvət olan pambığın yanğından qorunması diqqətə çatdırılıb.