Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı: Əsas məqsədimiz gənc ifaçılara dəstək verməkdir
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Xalq artisti, görkəmli opera müğənnisi Fidan Hacıyevanın anadan olmasının 50 illiyi və onun 30 illik sənət karyerası münasibətilə paytaxtda III Beynəlxalq Opera Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 7-də başlayacaq və üç ay davam edəcək genişmiqyaslı festival Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi və Xalq artisti Fidan Hacıyevanın iştirakı, Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək. Festival ölkənin müxtəlif bölgələrini əhatə edəcək.
Festival çərçivəsində təqdim olunan bir sıra konsert proqramları Azərbaycanın hüdudlarından kənara çıxacaq və dünyanın bir sıra ölkələrində milli operamızın zənginliyini nümayiş etdirəcək.
Üç ay davam edəcək Beynəlxalq Opera Festivalının bağlanış mərasimi dekabrın 7-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi və Niyazi Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək. Həmin axşam Xalq artisti Fidan Hacıyeva İspaniyanın məşhur Flamenko Simfonik Orkestri ilə birlikdə çıxış edəcək.
Fidan Hacıyeva AZƏRTAC-a müsahibəsində festivalın əsas xüsusiyyətinin gənc istedadları dəstəkləməyə yönəlmiş “Gənclərin səsi - gəncliyə dəstək” adlı xüsusi konsert layihəsi olacağını qeyd edib.
Xalq artisti vurğulayıb: “Əsas məqsədimiz gənc ifaçılara dəstək verməkdir. Biz onların istedadını üzə çıxarmaq istəyirik! Layihə gənc sənətçilərə öz istedadlarını nümayiş etdirmələri, peşəkar səhnə təcrübəsi qazanmaları və yaradıcılıq potensiallarını daha geniş auditoriyaya təqdim etmələri üçün şərait yaradacaq. Festivala digər ölkələrdən də gənc ifaçılar qatılacaq və mən mütləq festival çərçivəsində istedadlı gənclərimiz üçün xarici qastrollar təşkil etməyə çalışacağam”.
Müəllif – Anara Axundova