ELM VƏ TƏHSİL
Fikrət Əlizadə: İngilis dilində 400-ə qədər türkizm var
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent Fikrət Əlizadə “Türk dillərinin dünya dillərinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, türk dili əhatəsində olan xalqlar əsrlər boyu bu dilin sözlərini əxz ediblər. Türk dili bütün dünyada danışılan ən qədim dillərdən biridir. Hələ 5-6 min əvvəl akkad mətnlərində türk sözlərinə rast gəlinir. Beynəlxalq dil hesab edilən ingilis dilində 400-ə qədər türkizm var. Həmin sözlər müxtəlif sahələrlə bağlıdır: taiga-tayqa, kiosk-köşk, khan-xan. Türkizmlər bütün qitələrdə istifadə olunur. Mayya, Siu, Keçua kimi tayfaların türk mənşəli olması ilə bağlı fikirlər var. Türklərin tarixi zəfərləri nəticəsində həm Asiya, həm də Avropa dillərinə külli miqdarda sözlər keçib.
Seminarda elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli mövzunun aktuallığından danışıb. Vurğulayıb ki, türklər dünyada hazırda da böyük ərazilərə sahib olan yeganə, zəngin tarixi olan xalqdır.
Elmi seminarda filologiya elmləri doktoru, professorlar Sayalı Sadıqova, Qəzənfər Kazımov və İsmayıl Kazımov mövzu ilə bağlı fikirlərini bildiriblər.