Fındıqçılıq üzrə Texniki Sertifikat Proqramına başlanılıb
Gəncə, 18 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) çərçivəsində Fındıqçılıq üzrə Texniki Sertifikat Proqramı (TCP) üzrə təlimlər keçirilir. Təlimlər Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “Ferrero” şirkətinin birgə əməkdaşlığı ilə təşkil olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk sessiya oktyabrın 16-17-də Aqrar Universitetin yeni tədris korpusunda baş tutub. Fındıqçılıq sahəsinin Azərbaycanda daha da inkişaf etdirilməsi və ixracatı ilə bağlı nəzərdə tutulmuş Texniki Sertifikat Proqramında aqronomluq ixtisasının 34 nəfər tələbə və məzunu iştirak edir. Proqram çərçivəsində Gəncə, Quba, Qəbələ və Zaqatala rayonlarında da təlimlərin keçirilməsi planlaşdırılır.
Təlim ənənəvi üsulla yanaşı, onlayn formada da keçirildiyi üçün iştirakçılar çoxluq təşkil edib. Sonda iştirakçılarla mütəxəssislər arasında debat keçirilib.
Qeyd edək ki, təlimlərin iştirakçıları proqramın sonunda imtahan verərək beynəlxalq sertifikat alacaqlar. Növbəti sessiya oktyabrın 30-31-də yenidən ADAU-da təşkil olunacaq.