Finlandiyanın Baş Naziri özünütəcrid rejiminə keçib
Stokholm, 18 avqust, AZƏRTAC
Finlandiyanın Baş Naziri Sanna Marin bildirib ki, onda respirator simptomlar yaranıb. Bununla əlaqədar, Baş Nazir evdə işləmək rejiminə keçməyi qərara alıb.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, yüngül respirator simptomlar şiddətlənib. Buna görə də Finlandiyanın Baş Naziri koronavirus testindən keçməli və distant iş rejiminə qayıtmalıdır. Sanna Marin bildirib ki, avqustun 18-də Sosial Demokrat Partiyasının parlament qrupunun yay iclasında, habelə hökumətlə danışıqlarda onlayn rejimdə iştirak edəcək.
Koronavirus pandemiyası dövründə artıq dördüncü dəfədir ki, koronavirusa tutulma şübhəsi Finlandiyanın Baş Nazirinin iş qrafikini pozur.
Aprel ayında Baş Nazirin iqamətgahındakı bir əməkdaş koronavirusa yoluxmuş insanla kontaktda olub. Bundan sonra Sanna Marin özünütəcrid rejiminə keçib və koronavirus testinə məruz qalıb, lakin testin nəticəsi neqativ olub. Mayın əvvəlində Baş Nazir də daxil olmaqla Finlandiyanın bütün nazirləri distans iş rejiminə keçiblər. Bu, onunla bağlı idi ki, Sosial məsələlər və səhiyyə naziri Ayno-Kaysa Pekonen və Məşğulluq naziri Tuula Xaataynen hökumət ilə danışıqlar dövründə virusa yoluxmaqda şübhə doğururdu. Elə həmin ayda Sanna Marin səhhətinin vəziyyəti ilə əlaqədar bir həftə məzuniyyət götürüb. Bu müddətdə onda qrip əlamətləri yarandığına görə, yenidən koronavirus testindən keçməli olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm